Lənkəranda 26 yaşlı oğlan mülk üstündə yaranan mübahisə zamanı əmisini öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vilvan kəndində ötən ilin mayın 29-da baş verib.
2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ailə üzvləri ilə birgə yaşadığı Vilvan kəndində yerləşən babasından qalma fərdi yaşayış evindən özünün və ailə üzvlərinin çıxarılmalarını tələb etməsi, bununla bağlı uzun müddət ərzində məhkəmə çəkişmələri olması səbəbindən münasibətləri pozulmuş əmisi, 1957-ci il təvəllüdlü Vəliağa Səbziyev ilə mayın 29-da, saat 20 radələrində kəndin əkin və örüş sahələrinə gedən torpaq yolda görüşüb.
Gənc oğlan yaşadıqları evin onlardan alınması iddiasından əl çəkməsi barədə piyada yol gedə-gedə söhbət edərkən yaranmış mübahisə zamanı əmisinin ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi və onunla əlbəyaxa olduğu üçün qəzəblənib. O, şəxsi münasibətlər zəminində qisas alaraq öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü bıçağı əynindəki şalvarının cibindən çıxarıb və onunla üzbəüz dayanmış Vəliağanın həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə ardıcıl zərbələr endirib. Ümumilikdə 15 ədəd xəsarət alan Vəliağa Səbziyev ölüb.
Elşənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, çöl sahəsində mərhum əmisi Vəliağa ilə 2025-ci ilin mayın 29-da, saat 19-20 radələrində rastlaşıb:
“Yol gedə-gedə mübahisəli evlə bağlı söhbət etdik. Əmim mənim ünvanıma söyüş söyməyə başladı və əlindəki torbanın içindən bıçağı çıxardaraq məni vurmaq istədi. Mən özümü müdafiə etdim, bıçağı sağ əlim ilə tutdum. Həmin bıçağı Vəliağanın əlindən alaraq onu vurdum. Vəliağaya neçə bıçaq zərbəsi vurmağımı dəqiq xatırlamıram. Amma bıçağın əlimdə 5-6 saniyə qalmasını xatırlayıram. Mənim Vəliağanı öldürmək niyyətim olmayıb. Lakin ailəmin ünvanına söyüş söydüyü üçün Vəliağanı vurmuşam”.
Təqsirləndirilən şəxs bildirib ki, Vəliağa ilə aralarında mübahisə onun ünvanına söyüş söyməsinə görə yaranıb:
“Uzun illərdir ki, əmim ailəmi evimizdən çıxartmaq istəyir. Bu problemlərlə bağlı çox saylı məhkəmə iclasları olsa da, yekun məhkəmə qərarı olmayıb. Atam məndən əvvəl əmim ilə söhbət etsə də, nəticəsi olmayıb”.
Elşənin sözlərinə görə, hadisə günü özlərinə məxsus torpaq sahəsində olan 6-7 baş mal-qaranı gətirmək üçün sahəyə gedərkən yolda əmisi ilə rastlaşıb
"Əmim ilə mübahisə edərkən kənardan heç kim bizə müdaxilə etmədi. Üzərimdə heç bir kəsici və deşici alət olmayıb. Mübahisə vaxtı özümdə olmadığım üçün Vəliağanın bədəninin hansı nahiyyəsinə, neçə bıçaq zərbəsi yetirməyimi xatırlamıram. Vəliağa yerə yıxıldıqdan sonra oradan getdim. Bıçağı hadisədən sonra su kanalına tulladım. Özümdə olmadığımdan təcili tibbi yardıma məlumat verməmişəm. Hadisədən sonra evimizə gedərək paltarımı dəyişdim. Sonra qardaşıma zəng edərək məni Bakı şəhərinə aparmasını istədim. Həmin vaxtı evdə yalnız anam olub. Hadisə barədə anama heç nə demədim. Paltarımı dəyişdikdən sonra qardaşım ilə Ələt qəsəbəsinə kimi getdim. Orada avtomobildən düşərək qardaşımdan ayrıldım. Həmin yerdən taksi ilə Bakı şəhərində olan hava limanına getdim və məni orada tutdular. Əmimin ölməsini polis əməkdaşları tərəfindən Lənkəran şəhərinə gətiriləndən sonra bilmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, cinayəti tək törədib, əmisini öldürdüyünə görə qismən peşman olub:
“Mənim əvvəldən əmimi öldürmək niyyətim olmayıb. Əmimi bıçaqla vurmasaydım, əmim məni bıçaqla vuracaqdı. Mən həyatı dərk edəndən əmim ilə atam arasında mübahisə görmüşəm. İstintaq zamanı bıçaqla bağlı qeyd etdiklərimi özümdən uydurmuşam. Mənim üzərimdə bıçaq olmayıb”.
Təqsirləndirilən şəxs deyib ki, 44 günlük Vətən Müharibəsi zamanı kontuziya aldığı üçün özündə olmayıb:
“Vəliağanın üzərimə niyə bıçaq çıxartmasını bilməmişəm. Birinci zərbəni Vəliağa vurub, mənim əlim kəsildi. Vəliağaya arxadan zərbə vurmamışam. Vəliağanı öldürmək mənə lazım olmayıb. Vəliağanı bıçaqla vurduqdan sonra yerə yıxıldım. Özüm isə hadisə yerindən uzaqlaşmışam. Vəliağanın bağırsaqlarının çölə çıxmasını görməmişəm. Vəliağa ilə əvvəllər söhbət edərkən Gülağa adlı əmim də yanımızda olub. Həmin vaxtı ona heç bir kobud sözlər deməmişəm. Əvvəllər Vəliağa atamın qabağına tüfənglə çıxıb, onu vurmaq istəyib. Vəliağa ilə danışmaqda məqsədim aramızda barışıq olmasını istəməm olub. Hadisə yerinə mal-qaraya görə getmişdim. Vəliağa ilə olan problemlər barədə əmim Gülağa ilə danışmışam. Vəliağa, Gülağa və mən bir yerdə söhbət etmişik. Təklikdə isə Qulu adlı əmim ilə danışmışam. Qardaşı məni Bakı şəhərinə aparanda ona demişəm ki, işləməyə gedirəm. O vəziyyətdə deyildim ki, könüllü olaraq gedərək polisə təslim olum. Hava limanında birinci uçuşun hara olmasından asılı olmayaraq bilet alacaqdım, birinci uçuş Qazaxstana olduğu üçün ora bilet aldım. Biletin alınmasına ödədiyim 800 manat məbləğində pulu bankdan götürdüyüm kredit pulundan olub. Pulu həm nağd şəkildə, həm də plastik bank kartı vasitəsi ilə ödəmişəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Elşənin müdafiəçisi apellyasiya şikayəti verib. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəllənin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası daxilində ədalətli cəzanın təyin edilməsi barədə hökm çıxarılmasını xahiş edib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.


