Kriminal Özəl

"Evə gəldim və qardaşım məni polis əməkdaşlarına təhvil verdi" — Məhkəmə

Evə gəldim və qardaşım məni polis əməkdaşlarına təhvil verdi — Məhkəmə

Ağcabədi rayonunda 21 yaşlı oğlan tanışına bıçaqla ağır xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 30-da Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində “Dörd Yol” adlanan ərazidə yerləşən “Yol Üstü” marketin qarşısında baş verib.

2005-ci il təvəllüdlü Elnur həmin gün saat 22 radələrində marketin qarşısında tanışı İnqilab ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əvvəlcədən üzərində daşıdığı bıçaqla Mahirə (adlar şərtidir – red.) bir dəfə zərbə vurub.

Elnurun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Mahiri hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra həmkəndlisi və dostu Vaqif vasitəsilə tanıyıb, münasibətləri yaxşı olub:

“Hadisədən təxminən 10-15 gün əvvəl Vaqiflə Mahirin münasibətləri pisləşdi. Mahir Vaqifdən ona məxsus avtomobillə evlərinə su aparmağı xahiş etsə də, Vaqif qızla görüşə getdiyini bəhanə edərək onun xahişini yerinə yetirmədi. Bununla bağlı onlar arasında mübahisə yarandı. Bu zəmində aparılan telefon danışıqları zamanı mən də “konfrans” vasitəsilə Mahir və Vaqifin telefon danışığına qoşuldum. Mahir mobil telefonda mənim və Vaqifin ünvanına təhqiredici, nalayiq ifadələr səsləndirdi, bizi cinsi azlıq nümayəndələri olmağımızı eyham vurdu”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən gün Vaqif Mahirlə mobil telefon vasitəsilə danışıb, onlar aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində “Dörd yol” adlanan ərazidə görüşməyə qərar veriblər:

“Mən görüş zamanı dava-dalaş olacağından ehtiyat edərək özüm ilə evdən bir ədəd mətbəx bıçağı götürərək şalvarımın bel hissəsində gizlədim. Vaqiflə birlikdə “Dörd yol” adlanan əraziyə gəldik. Orada Mahirlə görüşdük. Mahirin yanında sonradan tanıdığım Vüsal adlı şəxs də olub. Söhbət zamanı Mahir görüşə üzərində heç bir silah olmadan gəldiyini bildirdi, üzərində silah olmaması ilə bağlı onları əmin etmək üçün söyüş söydü”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Mahir ondan və Vaqifdən də üzərilərində silah olmaması ilə bağlı söyüş söyməyi tələb edib:

“Mən söyüş söyməkdən imtina etdim. Həmin vaxt biz ətrafda adamlar olduğunu görərək daha sakit bir yerə keçməyə qərar verdik. “Yol Üstü” marketin qarşısına çatdıqda Mahir qəfildən çənə nahiyyəmə yumruq zərbəsi vurdu. Biz əlbəyaxa dava etməyə başladıq. Dava zamanı Mahirin vurduğu zərbədən yerə yıxıldım. Yerə yıxıldıqdan sonra ayağa qalxaraq üzərimdə olan bıçaqla Mahirə zərbə vurdum. Bundan sonra Vaqiflə birlikdə oradan uzaqlaşaraq həmin bıçağı yaxınlıqdakı su kanalına atdım. Bir müddət sonra atam zəng edərək polis əməkdaşlarının məni axtardığını bildirdi. Mən evə gəldim və qardaşım məni polis əməkdaşlarına təhvil verdi”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnurun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib və 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az