Son dövrlər meyvə bağlarında geniş yayılan Amerika ağ kəpənəyi (Amerika qurdu) vaxtında mübarizə aparılmadığı halda ağaclara ciddi ziyan vura bilər.
Bu barədə Demokrat.az-a açıqlamasında zooloq Samir Məmmədov deyib.
Onun sözlərinə görə, Amerika ağ kəpənəyi hər il müşahidə olunan zərərvericilərdən biridir və bu hal qeyri-adi hesab edilmir:
"Bu zərərverici daim ağacların yarpaqları ilə qidalanır, sonra pup mərhələsinə keçir, daha sonra isə kəpənəyə çevrilərək yenidən yumurta qoyur. Nəticədə çoxalma prosesi sürətlə davam edir. Zərərvericinin yayılmasının qarşısını almağın ən effektiv yolu ağacların vaxtında dərmanlanmasıdır. Mübarizə tədbirləri vaxtında görülməzsə, Amerika ağ kəpənəyi qısa müddətdə geniş ərazilərə yayıla və meyvə bağlarına ciddi ziyan vura bilər.Bağ sahibləri həşəratlara qarşı nəzərdə tutulmuş müvafiq pestisidlərdən istifadə etməli və ağacların mütəmadi müayinəsini həyata keçirməlidirlər”.
“Bu, həm zərərvericinin yayılmasının qarşısını almağa, həm də məhsuldarlığın qorunmasına imkan verir”, - deyə zooloq fikrini tamamlayıb.
Beləliklə, bağları qorumaq üçün vaxtında aqrotexniki qulluq və düzgün dərmanlama mütləqdir.


