“Milli Şura adlandırılan qurumun rəhbəri Cəmil Həsənlinin seçkiyə 12 gün qalmış deputatların siyahısını yayması məntiqəuyğun deyil. Seçkili orqanda öncədən kimin seçiləcəyini kim bilə bilər? Ona görə də onun bu addımı seçki prosesinə kölgə salmaq cəhdidir. Nəzərə alın ki, onlar seçkilərə qatılmayıblar. Seçkiyə qatılsaydılar, Cəmil Həsənlini indiki məqamda başa düşmək olardı. Onlar seçkiləri boykot etdiklərini deyirlər, əslində isə xalq onları boykot edib.
Demokrat.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədi Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, seçkilərə kölgə salmaq cəhdini ermənipərəst siyasi dairələr də həyata keçirir:
“Onlar iddia edirlər ki, ölkədə guya seçkilər keçirilmir, deputatlar təyin olunurlar. Bilirsiniz ki, bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana hazır siyahılarla gəlirlər. Seçkilərlə bitəndən sonra həmin neqativ hesabatlarını yayırlar. Azərbaycanda keçirilən demokratik, şəffaf seçki prosesinə kölgə sala bilməyəcəklər. Ölkəmizdə hər seçki əvvəlkindən daha demokratik keçirilir.
Demokratiya bir prosesdir, burada son nöqtə yoxdur. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 2 431 nəfər müraciət etmişdi. Onlar 1 637 nəfəri qeydə alındı. Geri götürənlər də oldu, hazırda deputatlığa namizədlərin sayı 1 324 nəfərdir. Azərbaycan Xalq Cəbhəsi Partiyası istisna olmaqla, demək olar, bütün siyasi partiyalar seçkilərə qatılıb. Hər kəsə bərabər şərait yaradılıb, qanunvericiliyə uyğun olaraq bütün namizədlər görüşlərini keçirir, heç bir əngəl yoxdur, azad rəqabət mühiti yaranıb. 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədəm, bu dairədə bütün namizədlərə ən yüksək səviyyədə şərait yaradılıb.
Əgər hansısa namizədin keçirdiyi görüşdə az sayda seçici iştirak edirsə, deməli, sosial bazası yoxdur. Seçicilər məni uzun müddətdir, tanıyırlar. Mənim bir sifətim var, hakim Yeni Azərbaycan Partiyasını təmsil edirəm, təşkilatın siyasətinə sadiqəm. Seçicilər də mənimlə fəxr edirlər, bunu açıq şəkildə söyləyirlər. Deputat olmaq mənim üçün şərəf və məsuliyyətdir. Millət vəkili xalqın içində olmalıdır, onları problemləri ilə maraqlanmalıdır. Görüşlərdən gəldiyim qənaət odur ki, insanlar seçimlərini ediblər... Amma mən heç vaxt arxayınlaşmıram. Rəqiblərimin əleyhinə də heç vaxt neqativ fikir səsləndirmişəm. Xalqın gözü tərəzidir, ağı qaradan yaxşı seçə bilir. Radikal müxalifət 1990-cı illərin əvvələrində hakimiyyətdə cəmi 1 il qala bildilər. Amma tənqid etdikləri şəxslər isə 27 ildir ki, hakimiyyətdədirlər.
Xalq Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu da səbəbsiz deyil, İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirir. Xalq ölkədə həyata keçirilən islahatların şahidi olur, dəyərləndirir. Hazırkı hakimiyyət elə seçki təşkil edir ki, orada hər bir namizədə bərabər şərait yaradılır. Heç bir namizəd deyə bilməz ki, hər hansı təzyiq var, bu, qeyri-mümkündür”.


