Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti və təbiət hadisələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi insanlar bu hadisələri dini inanclarla əlaqələndirərək, Məhərrəmlik ayında toy mərasimlərinin keçirilməsinin uğursuzluq gətirdiyini və baş verən təbiət hadisələrinin bununla bağlı olduğunu iddia edirlər. Bu yanaşma cəmiyyətdə müxtəlif fikirlər doğurur. Bəs bu iddiaların dini baxımdan hər hansı əsası varmı? Məhərrəmlik ayında toy etmək dinən qadağandır, yoxsa bu, yalnız əsrlər boyu formalaşmış adət və inanclardan irəli gələn bir yanaşmadır? Mövzu ilə bağlı ilahiyyatçıların fikirlərini öyrəndik.
Bu barədə ilahiyyatçı Elşad Miri Demokrat.az-a açıqlamasında deyib ki, Hazırda dünyanın müxtəlif ölkələrində ciddi təbii fəlakətlər yaşanır:
“Əgər bu aylarda İranda sel, zəlzələ və ya torpaq sürüşməsi kimi təbii fəlakətlər baş vermirsə, bunu Məhərrəm ayında toy mərasimlərinin keçirilməməsi ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir? Eyni qaydada, Venesuelada baş verən zəlzələni Məhərrəm ayında toy mərasimlərinin keçirilməsi ilə əlaqələndirmək olarmı? Məsələn, Çinin Hubei, Quanqsi və Guangdong əyalətlərində şiddətli tufanlar insan tələfatına səbəb olub. Hindistanın Kerala ştatının Wayanad bölgəsində güclü musson yağışları nəticəsində torpaq sürüşmələri baş verib və insanların gündəlik həyatı iflic olub”.
O bildirib ki, Fransa, İtaliya və Portuqaliya kimi Avropa ölkələrində isə həddindən artıq istilər, quraqlıq və bunun nəticəsində genişmiqyaslı meşə yanğınları müşahidə edilir:
“Əgər bu hadisələrin Məhərrəm ayında həmin ölkələrdə toy mərasimlərinin keçirilməsi ilə əlaqəli olduğunu elmi və məntiqi əsaslarla sübut etmək mümkündürsə, o halda bu fikirlə razılaşmaq olar. Əks halda, təbii fəlakətləri insanların toy edib-etməməsi ilə əlaqələndirmək elmi baxımdan əsaslandırılmış yanaşma hesab edilə bilməz”.


