ABŞ şirkəti Lockheed Martin və Almaniyanın müdafiə qrupu Rheinmetall Avropada uzun mənzilli ATACMS raketlərinin birgə istehsalının qurulması üçün memorandum imzalayıblar.
Demokrat.az xəbər verir ki, bu haqda ABŞ şirkətinin rəhbərliyindən məlumat verilib.
Bildirilir ki, ABŞ və Almaniya hökumətləri tərəfindən dəstəklənən bu müqavilə, ATACMS raketlərinin istehsalı, inteqrasiyası və NATO qüvvələri və Avropa müttəfiqləri üçün paylanması üzrə ilk Avropa mükəmməllik mərkəzi kimi xidmət edəcək birgə müəssisənin yaradılması istiqamətində növbəti addımdır.
"Bu tərəfdaşlıq Avropa təhlükəsizliyi və müttəfiqlər arasında sənaye əməkdaşlığı üçün mühüm bir addımdır. Lockheed Martin-in raket texnologiyası sahəsindəki misilsiz təcrübəsini Rheinmetall-ın qabaqcıl istehsal imkanları ilə birləşdirməklə, döyüşdə sınaqdan keçirilmiş sistemləri müttəfiqlərimizə daha tez və səmərəli şəkildə çatdıra biləcəyik", - deyə Lockheed Martin International-ın prezidenti Cey Pitman bildirib.
"Lockheed Martin" şirkətinin Avropa üzrə rəhbəri Dennis Qoge öz növbəsində qeyd edib ki, Almaniyada ATACMS raketlərinin birgə istehsalının təşkili Avropa müdafiə sənayesinə və NATO-nun uzunmüddətli dayanıqlılığına güclü bir dəstək olacaq.
"Bu tərəfdaşlıq özünü təsdiq etmiş ABŞ texnologiyasını Avropa istehsal imkanları ilə birləşdirir, Almaniyada sənaye dəyəri yaradır və eyni zamanda müttəfiqlərin artan təhlükəsizlik tələblərini ödəmək üçün lazım olan imkanlarını genişləndirir", - deyə Qoge sözlərinə əlavə edib.
Alparslan Demokrat.az


