İnsanlar müxtəlif səbəblərlə birgə yaşamağa qərar verirlər. Bəzən bu seçim şəraitin diktəsi ilə edilir, bəzən isə tərəflər münasibətləri sınaqdan keçirmək və ya birlikdə daha çox vaxt keçirmək istədikləri üçün eyni evdə yaşamağa başlayırlar.
Demokrat.az xəbər verir ki, bir çox cütlük münasibətlərinin müəyyən mərhələsində rəsmi nikahdan əvvəl birlikdə yaşamağı seçir. Bəziləri bunu tərəflərin gündəlik həyatda bir-birinə uyğun olub-olmadığını anlamaq üçün bir növ sınaq dövrü hesab edir. Digərləri isə belə bir formatın daha çox kişilər üçün əlverişli olduğunu, qadınların isə bundan daha az fayda əldə etdiyini düşünür.
Amerikalı tədqiqatçıların apardıqları araşdırmalara görə, evlənməyi planlaşdırmadan birlikdə yaşayan cütlüklər arasında münaqişələr, aqressiya və ayrılıq halları münasibətlərini rəsmiləşdirməyi planlaşdıran və ya nikahı məqsəd kimi görən cütlüklərlə müqayisədə daha çox müşahidə olunur.
Bununla yanaşı, bir çox cütlük birlikdə yaşamağa nə vaxt başlamağın daha doğru olacağını dəqiq müəyyənləşdirə bilmir və qərarı daha çox hisslərinə əsaslanaraq verir. Psixoloqlar bildirirlər ki, bir-birinə daha yaxın olmaq və münasibətləri inkişaf etdirmək məqsədilə birgə yaşamağa başlayan cütlüklər, maliyyə çətinlikləri və ya digər xarici amillərdən irəli gələn praktik səbəblərlə bu addımı atanlarla müqayisədə daha az ayrılırlar.
Amerikalı psixoloq Kler Çepmen və həmkarları birgə yaşamağın üç əsas motivinin — praktik səbəblər, birlikdə daha çox vaxt keçirmək istəyi və münasibətləri sınaqdan keçirmək arzusu — cütlüklərin münasibətlərinə necə təsir etdiyini araşdırıblar.
Tədqiqatda 485 yetkin şəxs iştirak edib. Onların bir qismi artıq tərəfdaşı ilə birlikdə yaşayırdı, digərləri isə araşdırma dövründə birgə yaşamağa başlayıblar.
Araşdırmanın sonunda 139 nəfər münasibətlərini bitirib. Ayrılanların böyük hissəsi birlikdə yaşamağa münasibətlərini sınaqdan keçirmək məqsədilə başlayan cütlüklər olub.
Bunun əksinə olaraq, bir-birinə daha yaxın olmaq və ya praktik səbəblərlə birgə yaşamağa qərar verən cütlüklərdə ayrılıq riski daha aşağı olub.
Tədqiqat müəllifləri müəyyən ediblər ki, bu üç qrupun psixoloji motivasiyası əhəmiyyətli dərəcədə fərqlənib. Münasibətlərini sınaqdan keçirmək istəyən cütlüklər əvvəldən münasibətlərindən tam razı olmadıqlarını bildiriblər. Bir-birinə daha yaxın olmaq üçün birlikdə yaşamağa başlayanlar isə münasibətlərindən məmnun olduqlarını və tərəfdaşlarına qarşı ciddi narazılıqlarının olmadığını qeyd ediblər.
Maraqlıdır ki, zaman keçdikcə bütün qruplarda birgə yaşayışdan məmnunluq müəyyən qədər azalsa da, bu, əksər cütlüklərin münasibətə sadiqliyinə ciddi təsir göstərməyib. İstisna yalnız münasibətlərini sınaqdan keçirmək məqsədilə birlikdə yaşamağa başlayan cütlüklər olub.
Araşdırmanın nəticələrinə görə, əvvəldən müəyyən problemlərin mövcud olduğu münasibətlər gündəlik məişət çətinliklərinin təsiri ilə daha çox dağılmağa meyllidir. Buna görə də münasibətləri sınaqdan keçirmək məqsədilə birlikdə yaşamaq tərəflərə münasibətlərini daha yaxşı qiymətləndirmək imkanı versə də, belə qərarın ayrılıqla nəticələnməsi ehtimalının daha yüksək olduğu da nəzərə alınmalıdır.
Jalə Demokrat.az


