Azərbaycan ilə ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri üzrə əlaqələrin daha da genişlənməsinə yeni imkanlar yaradır. Xartiya təkcə ikitərəfli münasibətlərin hüquqi və siyasi əsaslarını möhkəmləndirmir, eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə artan strateji əhəmiyyətini də bir daha nümayiş etdirir.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq layihəsinin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

“Bu addım eyni zamanda, ABŞ-nin Cənubi Qafqaz siyasətində uzun illərdən sonra daha aydın və prioritet istiqamət müəyyən etdiyini göstərir. Ermənistan və Azərbaycan arasında sülh mətninin paraflanması prosesində Vaşinqtonun vasitəçi kimi iştirakı, eləcə də regional layihələrdə rol alması artıq ABŞ-nin regionla bağlı formalaşdırdığı yeni siyasi xəttin tərkib hissəsi hesab oluna bilər. Təbii ki, bu əməkdaşlığın növbəti mərhələsində Azərbaycana Amerika investisiyalarının cəlb olunması daha da genişlənə bilər. Eyni zamanda, ABŞ qanunvericiliyində Azərbaycana münasibətdə uzun illərdir müzakirə olunan 907-ci düzəlişin ləğvi məsələsi də yenidən gündəmə gələ bilər. Bu isə iqtisadi və siyasi münasibətlərin daha da dərinləşməsinə əlavə stimul verə bilər”.
O bildirib ki, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın, eləcə də müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi strateji baxımdan mühüm əhəmiyyət daşıyır:
“Amerika sərmayələrinin ölkəyə yatırılması və müxtəlif sahələrdə investisiya layihələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi potensialını daha da gücləndirə bilər. Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığın genişlənməsi ölkənin təhlükəsizliyinin və müstəqilliyinin möhkəmlənməsinə xidmət edə bilər. ABŞ kimi qlobal güclə ikitərəfli əlaqələrin inkişafı Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Xəzər hövzəsində geosiyasi mövqeyini daha da gücləndirə bilər. Bütün bunları nəzərə aldıqda, bu əməkdaşlığın Azərbaycanın formalaşmaqda olan yeni dünya siyasi nizamında rolunu artıracağı, ölkənin Cənubi Qafqazın aparıcı aktorlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcəyi ehtimal olunur. Vaşinqtonun bu müstəvidə Azərbaycana verəcəyi siyasi dəstək regional güc balansına da ciddi təsir göstərə bilər”.


