Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək.
Demokrat.az xəbər verir ki, Paşinyanın iyulun 7-10-da Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək "İNNOPROM-2026" beynəlxalq sənaye sərgisində iştirakı planlaşdırılır. Səfər iyunun 7-də keçirilən parlament seçkilərindən sonra Ermənistan hökumət başçısının Rusiyaya ilk səfəri olacaq.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan sərgi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə ticarət-iqtisadi əlaqələr, sənaye əməkdaşlığı və regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Paşinyanın səfəri Ermənistanla Rusiya arasında münasibətlərdə gərginliyin davam etdiyi dövrə təsadüf edir. Son aylarda İrəvan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirsə də, Moskva ilə siyasi və iqtisadi təmaslar davam edir.


