Yumurta yalnız hazırlanması asan və doyumlu səhər yeməyi deyil, həm də orqanizmin hər gün ehtiyac duyduğu bir çox faydalı qida maddəsinin mənbəyidir.
Demokrat.az xəbər verir ki, bu barədə “Martha Stewart” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, zülalla zəngin olan yumurta beyin fəaliyyətindən tutmuş saçın, dərinin və dırnaqların sağlamlığınadək orqanizmə müxtəlif istiqamətlərdə müsbət təsir göstərə bilər.
Dietoloqlar yumurtanın əsas faydalarını belə sıralayıblar:
1. Beyin funksiyalarını dəstəkləyir
Diyetoloq Karli Leanza bildirib ki, yumurta xolinin ən zəngin qida mənbələrindən biridir. ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) məlumatına görə, orqanizm xolindən yaddaşı, öyrənmə qabiliyyətini, diqqəti və əzələ fəaliyyətini dəstəkləyən asetilxolin neyromediatorunun sintezi üçün istifadə edir.
Xolinlə zəngin qidaların qəbulu xüsusilə hamiləlik dövründə vacib hesab olunur, çünki bu maddə dölün beyin inkişafına kömək edir.
Bundan əlavə, yumurtanın tərkibində D vitamini də mövcuddur. Leanzanın sözlərinə görə, bu vitamin sümüklərin və immun sisteminin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Diyetoloq Morqan Bimiller əlavə edib ki, yumurta sinir sisteminin və hüceyrələrin normal fəaliyyətini dəstəkləyən B12 və B9 (fol turşusu) vitaminlərinin də mənbəyidir.
2. Göz sağlamlığını dəstəkləyir
Leanza bildirib ki, yumurta sarısı lutein, zeaksantin və A vitamini ilə zəngindir. Bu təbii karotinoidlər tor qişada toplanaraq yaşa bağlı sarı ləkə degenerasiyası riskinin azalmasına kömək edə bilər.
Onun sözlərinə görə, bu antioksidantlar mavi işığın təsirini azaltmağa və oksidləşdirici stressdən qorunmağa kömək edərək uzunmüddətli perspektivdə göz sağlamlığını dəstəkləyir.
3. Uzun müddət toxluq hissi yaradır
Zülalın kifayət qədər qəbulu ümumi sağlamlıq üçün vacibdir. NIH-in məlumatına görə, bir iri yumurtada 6–7 qram yüksək keyfiyyətli zülal və faydalı yağlar var.
Səhər yeməyində iki yumurta qəbul etmək orqanizmi təxminən 13 qram zülalla təmin edir.
Diyetoloq Daniel Hendriks qeyd edib ki, yumurtadakı zülal və sağlam yağlar qanda şəkərin səviyyəsinin sabit qalmasına da kömək edir.
“MDPI” platformasında dərc olunmuş araşdırmanın nəticələrinə görə, kifayət qədər zülal qəbulu arıqlama zamanı əzələ kütləsinin qorunmasına da dəstək verir.
4. Əzələlərin bərpasını və inkişafını dəstəkləyir
Güc məşqlərindən sonra kifayət qədər zülal qəbul etmək əzələlərin bərpasına və inkişafına kömək edir.
Bimiller və Hendriks bildiriblər ki, yumurta bütün doqquz əvəzolunmaz amin turşusunu, o cümlədən əzələ zülalının sintezini stimullaşdıran və əzələlərin bərpası üçün mühüm hesab edilən leysini ehtiva edir.
5. Saçın, dərinin və dırnaqların sağlamlığını dəstəkləyir
Yumurta saçın, dərinin və dırnaqların sağlam inkişafını dəstəkləyən biotinlə zəngindir.
Hendriksin sözlərinə görə, yumurtanın tərkibindəki A vitamini dəri hüceyrələrinin yenilənməsinə kömək edir.
Bundan başqa, yumurtadakı zülal və amin turşuları keratin və kollagenin sintezi üçün zəruri tikinti materialı rolunu oynayaraq saçın və dırnaqların möhkəmlənməsinə dəstək verir.
Jalə Demokrat.az


