Türkiyə milli futbol komandası üçün bəstəkar və müğənni Sinan Akçılın hazırladığı "Türklər gəlir" adlı marş ətrafında yaranan mübahisə sənət dünyasında qarşılıqlı sərt açıqlamalarla davam edir.
Demokrat.az xəbər verir ki, Sinan Akçıl daha əvvəl verdiyi açıqlamada milli komandanın kapitanı Hakan Çalhanoğlu və Merih Dəmiralın onun hazırladığı marşı istəmədiklərini, bunun əvəzinə reper Murdanın mahnısında israr etdiklərini öyrəndiyini bildirib.
Sinan Akçıl komandanın uğursuz nəticəsinə işarə edərək deyib: “Onsuz da nəticə məyusedici oldu. Kaş əsərin adını "Türklər gəlir" yox, "Türklər gedir" qoyaydıq".
Bu sözlərdən sonra Murda sosial şəbəkə hesabında Sinan Akçılı sərt tənqid edib: "Get evində okey oyna. Mənimlə oynama".
Buna cavab verən Sinan Akçıl isə belə bildirib: "Fikirlərini topla. İngiltərə millisinin formasını geyinərək milli komanda üçün mahnı oxumağa çalışan, "əziz qardaşım" deyə bilməyəcəyim biri. Sənin milliyyətçiliyinlə mənimkini müqayisə etmək üçün hələ çox şey lazımdır. Əslində sən mənimlə oynama, uduzarsan. Türk musiqisi tarixində müəllif hüquqları və mahnılarımın uğurları baxımından mənə çatmağın mümkün deyil".
Mövzu ilə bağlı müğənni Yılmaz Morgül də Sinan Akçılı tənqid edib: "Adını çəkmək istəmirəm. Bu şəxs "Milli komanda üçün marş yazdım. Belə olacağını bilsəydim, adını “Türklər gəlir” yox, “Türklər gedir” qoyardım’ deyərək sanki türk xalqına istehza edir. Bu nə biabırçılıqdır? Sən kimsən ki, belə sözlər deyirsən? Bu ifadələr türk millətini təhqir edir. Bu səbəbdən prokurorluğa müraciət edəcəyəm. Marş ayrı, mahnı ayrıdır. Milli komanda üçün hazırlanan əsərlərin əksəriyyəti mahnıdır. Marş deyəndə isə ilk növbədə İstiqlal Marşı, İzmir Marşı və Kenan Doğulunun ifa etdiyi 10-cu İl Marşı yada düşür".
Jalə Demokrat.az


