Təhlil Özəl

Dövlət idarəçiliyində yeni texnoloji mərhələ

Dövlət idarəçiliyində yeni texnoloji mərhələ

Azərbaycanda texnoloji inkişafın hüquqi və praktiki əsasları yenidən qurulur. Ölkədə rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində genişmiqyaslı islahat mərhələsi başlayıb. Bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə və Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət siyasətinin vahid mərkəzdən idarə olunmasına təkan verdi. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilən 2026–2028-ci illər üçün Fəaliyyət Planı yaxın üç ildə innovasiya əsaslı iqtisadi modelə keçidi sürətləndirəcək.

İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasda Fəaliyyət Planının icrası, qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması diqqət mərkəzində oldu.

Dövlət idarəçiliyində yeni texnoloji mərhələ

Şuranın qarşısına qoyulan bu genişmiqyaslı hədəflər dövlət idarəçiliyinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsi və rəqəmsal sektorun ümumi daxili məhsuldakı payının artırılması məqsədi daşıyır. Fəaliyyət Planı ölkənin informasiya təhlükəsizliyi, kibermüdafiə və süni intellekt strategiyaları ilə tam uzlaşdırılaraq vahid və sistemli idarəetmə modeli şəklində qurulub. Rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik olmaqla dörd əsas sütuna söykənən bu sənədin icrasını sürətləndirmək üçün artıq bütün dövlət qurumlarında rəhbər müavini səviyyəsində məsul şəxslər də təyin edilib.

Bu,həm də rəqəmsallaşma sahəsindəki köhnə yanaşmanın tamamilə dəyişdiyini göstərir. Əvvəlki dövrlərdə fərqli dövlət qurumlarının rəqəmsal addımları daha çox fərdi və pərakəndə xarakter daşıyırdısa, indi proses ölkənin ən yüksək idarəçilik səviyyəsinə qaldırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası bütün bu fəaliyyətləri vahid mərkəzdə birləşdirir. Ən mühüm detal isə odur ki, qlobal texnoloji trendlər və beynəlxalq modellər yaxından öyrənilsə də, qəbul edilən bütün qərarlar kənar təsirlərdən uzaq, sırf Azərbaycanın milli maraqlarına və təhlükəsizlik ehtiyaclarına uyğun formalaşdırılır.

Bununla da, vətəndaşların və biznesin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün pərakəndəliyə son qoyulur. Bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vahid mərkəzdə birləşdirilir. Vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə test mərhələsini uğurla keçən "mygov Biznes" platforması əsas hərəkətverici qüvvəyə çevrilir.

Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov"a inteqrasiya edilib. İlin sonunadək "e-Polis", "Mobil Notariat", "Azərişıq" kimi digər tətbiqlərin də tam miqrasiyası planlaşdırılır. Son üç ayda platformanın istifadəçi sayı 30 faiz artaraq 3,5 milyona çatıb. Sürücülük vəsiqəsinin dəyişdirilməsi, tələbə qeydiyyatı və bəzi notariat xidmətləri artıq tam onlayn formadadır.

Fəaliyyət Planının əsas hədəfi proaktiv xidmətlərin payını 50 faizə çatdırmaqdır. "Yalnız bir dəfə" prinsipi sayəsində təkrar sənəd tələbi aradan qalxır. Məsələn, pensiyaların təyini, uşağın doğulmasına görə müavinətlərin verilməsi artıq vətəndaş müraciəti olmadan, avtomatik icra edilir. Sənədlərin vaxtının bitməsi barədə bildirişlər və hərbi xidmətə çağırışlar da rəqəmsal formaya keçir. Məlumatların dürüstlüyünü təmin etmək üçün mərkəzləşdirilmiş dövlət məlumat hövzəsi (data lake) yaradılır.

Azərbaycanı regionun texnologiya mərkəzinə çevirmək üçün 34 qanun və digər hüquqi aktları əhatə edən böyük islahat paketi hazırlanıb. İlk dəfə vençur kapitalı, kraudfandinq, "mələk investorlar" və frilanser fəaliyyətinin hüquqi statusu müəyyən edilir.

Dövlət idarəçiliyində yeni texnoloji mərhələ

İslahatlar çərçivəsində rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik şirkətlərinə 20 illik vergi güzəştləri verilir. Yüksəkixtisaslı mütəxəssislər üçün gəlir vergisi 0 faizə endirilir. Beynəlxalq təcrübədəki SAFE və Convertible Note kimi investisiya alətləri qanuniləşdirilir. Startapların kadr cəlb etməsini asanlaşdıran ESOP mexanizmi tətbiq olunur. Ölkəyə xarici istedadları cəlb etmək üçün "Rəqəmsal səyyah" (Digital Nomad) vizası tətbiq ediləcək.

Süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası üçün infrastruktur qurulur. Bu məqsədlə 64 qrafik prosessorun (GPU) ilin sonunadək quraşdırılması nəzərdə tutulur. "mygov" platformasında 24/7 rejimində işləyən virtual köməkçinin ilin ilk versiyası artıq istifadədədir. Həmçinin süni intellekt layihələrinin sınağı üçün "Tənzimləyici test mühiti" (Regulatory Sandbox) yaradılır.

Kibertəhlükəsizlik sahəsində isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Agentliyin nəzdində regional mərkəzlər (SOC, CERT) fəaliyyət göstərəcək. Bank, energetika və nəqliyyat kimi kritik infrastruktur subyektləri üçün yeni təhlükəsizlik tələbləri müəyyən edilir və dövlət sistemlərinin "Hökumət Buludu"na (G-Cloud) miqrasiyası davam edir.

Təhsil sistemində son beş ildə bir kompüterə düşən şagird sayı 32:1-dən 6:1-ə endirilib. 900 mindən çox istifadəçisi olan "Rəqəmsal məktəb" platforması yeni tədris ilindən regionlara genişləndiriləcək. Attestat və diplomlar artıq elektron formatda verilir. "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə yüzlərlə şagird müasir texnologiyaları öyrənir. Növbəti hədəf süni intellekt vasitəsilə fərdiləşdirilmiş tədris modelinə keçməkdir.

Beləliklə, Azərbaycanda rəqəmsal inkişaf və təhlükəsizlik sahəsində atılan addımlar ölkənin texnoloji gələcəyini kökündən dəyişir. Həyata keçirilən irimiqyaslı qanunvericilik islahatları, idarəetmənin vahid mərkəzdə birləşdirilməsi və innovativ ekosistemin qurulması yaxın illərdə rəqəmsal iqtisadiyyatın güclənməsinə birbaşa şərait yaradır. Vətəndaş məmnuniyyətinə yönələn proaktiv xidmətlər, güclü kibermüdafiə sistemi və təhsilin transformasiyası Azərbaycanı regionun müasir texnologiya mərkəzlərindən birinə çevirmək məqsədinə xidmət edir.

Bəxtiyar Umarlı

D
demokrat.az