Yayın ən sevilən və bol olan meyvələrindən sayılan ərik bu il qiyməti ilə alıcıları təəccübləndirir. Adətən mövsümündə daha münasib qiymətə satılan bu meyvə bəzi bazar və marketlərdə 10 manata qədər təklif olunur. Məhsul bolluğunun gözlənildiyi dövrdə qiymətlərin bu qədər yüksəlməsi alıcılar arasında narazılıq yaradıb. Bir çox vətəndaş ərikin niyə bahalaşdığını və qiymət artımının arxasında hansı səbəblərin dayandığını müzakirə edir. Bəs görəsən, bu bahalaşma mövsümi amillərlə, məhsuldarlığın azalması ilə, yoxsa bazardakı digər iqtisadi faktorlarla bağlıdır?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, mövsüm məhsulu olan əriyin bazarda 10 manata qədər yüksəlməsi artıq təkcə qiymət məsələsi deyil, kənd təsərrüfatı siyasətinin nəticələri ilə bağlı suallar yaradır:
“Hava şəraiti, məhsuldarlığın azalması, istehsal xərclərinin artması kimi amillər qiymətə təsir edə bilər. Amma illərdir aqrar sahədə həyata keçirilən proqramlara, ayrılan subsidiyalara baxmayaraq, yerli kənd təsərrüfatı məhsullarının bazara çıxışı, qiymət zənciri və fermerlə istehlakçı arasındakı əlaqə hələ də ciddi problemlərlə üz-üzədir. Bazarın real problemlərinə sistemli yanaşmaq gərəkdir. Fermer məhsul yetişdirir, amma satış kanalları, saxlama imkanları, logistika və bazara çıxış mexanizmləri yetərincə qurulmayanda nəticədə həm fermer uduzur, həm də vətəndaş bahalı məhsulla qarşılaşır”.
Onun sözlərinə görə, yerli istehsal olan ərik mövsüm vaxtı belə 10 manata satılırsa, burada idarəetmə mexanizmlərinin effektivliyi barədə sual yaranır:
“Aqrar siyasət yalnız məhsul yetişdirmək deyil, həmin məhsulun əlçatan qiymətlə istehlakçıya çatdırılmasını da təmin etməlidir. Bu gün əsas problem məhsulun olmaması deyil, kənd təsərrüfatı məhsullarının istehsaldan son istehlakçıya qədər olan zəncirinin idarə edilməsindədir. Belə olan halda hər mövsüm eyni qiymət problemləri təkrarlanacaq”.


