Jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə etdiyi paylaşımda kiberdələduzluğun qurbanı olduğunu açıqlayıb.
O bildirib ki, naməlum şəxs Teleqram üzərindən siyasətçi İqbal Ağazadə adına açılmış hesabdan ona mesaj yazaraq təcili pul istəyib.
Jurnalistin sözlərinə görə, həmin şəxs xəstəxanada olduğunu, kartında pul olmadığını və göndərilən məbləği qısa müddət sonra geri qaytaracağını bildirib. O da dostuna kömək etdiyini düşünərək əvvəlcə 300 manat, daha sonra isə əlavə 300 manat göndərib.
Ləman Ələşrəfqızı qeyd edib ki, daha sonra həmin şəxs yenidən pul istədikdə şübhələnib və əlaqə saxlamağa çalışıb. Bunun ardınca İqbal Ağazadə ilə birbaşa danışdıqda məlum olub ki, onun Teleqram hesabı oğurlanıb və bu barədə artıq sosial şəbəkədə xəbərdarlıq edilib.
Jurnalist paylaşımında özünü də tənqid edərək, kibercinayətlərlə bağlı xəbərlər hazırlamasına baxmayaraq, belə bir tələyə düşdüyünü etiraf edib. O bildirib ki, dələduz qarşı tərəfin yazı üslubunu və danışıq tərzini peşəkar şəkildə təqlid edib.
Ləman Ələşrəfqızı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmasına çağırış edib və vətəndaşları sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində pul istəyi ilə bağlı müraciətlərə qarşı diqqətli olmağa səsləyib.
Jalə Demokrat.az


