Natiq Cəfərli: “Seçkini boykot edən marginallaşmış qüvvənin sədrinin məqsədi seçicilərdə seçkiyə marağı azaltmaqdır”
Növbədənkənar parlament seçkilərinə az qaldığı bir vaxtda Milli Şuranın sədri Cəmil Həsənli 9 fevralda keçiriləcək parlament seçkilərinin nəticələrinin artıq indidən ona məlum olduğunu bəyan edib və seçki dairələri üzrə hansı namizədlərin deputat seçiləcəyini göstərən siyahı yayıb. Sosial şəbəkədə siyahını yaymaqla kifayətlənməyən Milli Şura sədri seçicilərə bu siyahıdakıların deputat olacağını bildirir və “özünüzü yorub seçkiyə getməyin” tipli seçicini seçkilərdən uzaqlaşdırmağa hesablanan çağırış da edir. Cəmil Həsənlinin yaydığı siyahıda indiyə qədər parlamentdə təmsil olunmayan bir sıra tanınmış simaların da, məsələn, Erkin Qədirlinin, Rauf Arifoğlunun, Natiq Cəfərlinin, həmçinin Müsavatdan keçmiş deputat İkram İsrafilin və digərlərinin də adı yer alır.
Siyahıda deputat olacaq namizəd kimi göstərilən REAL Partiyasının icraçı katibi, 12 saylı Yasamal-Binəqədi-Qaradağ seçki dairəsindən namizəd Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, bu cür siyahıların seçkilərdən öncə ortaya atılması ilk dəfə deyil. Əvvəllər də seçkilərdə belə siyahıların ortalığa atıldığını görmüşük. Seçkini boykot edən marginallaşmış qüvvənin sədrinin məqsədi seçicilərdə seçkiyə marağı azaltmaqdır: “Məni şəxsən üzən məsələ ondan ibarətdir ki, indi bu siyahını yayan adam-Milli Şuranın sədri özü iki dəfə deputat olub. İndi onun siyahı yaymasından onun özünə sual ünvanlayıram ki, əgər indiyə qədər seçkilər sizin dediyiniz kimi keçirilibsə, etiraf etmisinizmi siz də iki dəfə deputat mandatını saxta yolla almısınız? Milli Şura özü seçkilərdə iştirak etmir və yanlış olaraq da insanların seçkilərə marağının azalmasını, seçkiyə qatılmamalarını istəyir. Məlum siyahını da yaymaları insanlarda seçkiyə inamı azaltmaq, insanların seçkiyə getməsinin qarşısını almaqdır.
Bu, çox yanlış və zərərli fəaliyyətdir. Belə çıxır ki, həmin təşkilat və onun sədri ölkədə demokratiya istəmir. Çünki seçicilərin seçkidə aktivliyinin yüksək olmasının özü demokratiya nümunəsidir. Boykotçular insanları seçkidən soyutmağa çalışırlar. Məlum addımları ilə həm demokratiyaya zərbə vururlar, həm də seçicilərə hörmətsizlik edirlər. Sanki mesaj verirlər ki, Azərbaycanda vətəndaş, seçici yoxdur, seçicidən heç nə asılı deyil və sair. Özünü müxalifət adlandıran marginallaşmış qrupun bu hərəkəti çox üzücü mənzərədir. Həmin marginallaşmış qrup qarşısına məqsəd qoyub ki, seçkidə vətəndaş aktivliyi aşağı düşsün. Yumşaq desək, bu, ən azından təəssüf doğurur”.
Aydın Mirzəzadə: “Seçkidə iştirak etməyənlərin hansısa siyahılar hazırlaması ilk növbədə həmin qüvvələrin özlərinin məğlubiyyətinin daha bir etirafıdır”
Siyahıda adı qeyd edilən hakim Yeni Azərbaycan Partiyasının 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadə isə bildirdi ki, seçkidə iştirak etməyən müəyyən qüvvələrin indidən hansısa bir siyahılar hazırlaması ilk növbədə həmin qüvvələrin özlərinin məğlubiyyətinin daha bir etirafıdır: “Siyasi təşkilatın vəzifəsi hakimiyyət uğrunda, parlamentdə təmsil olunmaq uğrunda mübarizə aparmaqdır. Həmin adamlar isə sadəcə, ”siyasi ekspert" rolunu oynamağa, siyasi münəccimlik etməyə çalışırlarsa, bu, onların seçimidir. Mən onların yaydığı siyahı ilə tanış deyiləm. Hesab edirəm ki, seçkidən öncə siyahı hazırlayıb yaymaq həm də özünün mövcudluğunu cəmiyyətə zorla qəbul etdirmək və seçicilərdə də seçkiyə marağı azaltmaq cəhdidir. Azərbaycan seçicisi isə həmin qüvvələrin özünü çoxdan boykot edib. Mən YAP İcra katibliyinin şöbə müdiri kimi bütün ölkə boyunca seçki kampaniyasının necə getməsi ilə maraqlanıram. Məndə belə bir təəssürat yaranıb ki, bütün ölkə üzrə seçicilər aktivdirlər, insanlar seçkilərə maraq göstərirlər". (Yeni Müsavat)


