Yuxu vərdişləri sağlamlıq üçün düşündüyümüzdən daha mühüm rol oynaya bilər. Avstraliyanın Edit Kovan Universitetinin (ECU) alimlərinin apardığı yeni araşdırma gecə yuxusu rejimi ilə gələcəkdə Alzheimer xəstəliyinin inkişaf riski arasında gözlənilməz əlaqə aşkar edib.
Demokrat.az-ın məlumatına gprə, "Alzheimer's & Dementia" jurnalında dərc olunan araşdırma göstərib ki, beyində maye dövranında mühüm rol oynayan "AQP4" (aquaporin-4) geninin müxtəlif variantları insanın yuxu vərdişləri ilə qarşılıqlı təsirə girərək xəstəliyin ilk əlamətləri yaranmazdan xeyli əvvəl beynin quruluşuna və idrak funksiyalarına təsir göstərə bilər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, yuxu zamanı xüsusilə aktiv olan beynin "təmizləmə sistemi" Altsheymer xəstəliyi ilə əlaqələndirilən zülalların beyindən uzaqlaşdırılmasına kömək edir. Lakin bu proses bütün insanlarda eyni səviyyədə baş vermir. Onun effektivliyi həm "AQP4" geninin variantından, həm də insanın yuxu xüsusiyyətlərindən asılıdır.
"Bizim araşdırmamız göstərdi ki, AQP4 geninin müəyyən variantlarına malik insanlarda daha az yatmaq boz maddənin daha sürətli azalması ilə əlaqələndirilir. Əsas məsələ yalnız hansı genlərə sahib olmaq deyil, həm də həmin genlərin ətraf mühit amilləri ilə necə qarşılıqlı təsir göstərməsidir. Eyni gen variantı yuxu rejimindən asılı olaraq həm qoruyucu, həm də risk yaradan amilə çevrilə bilər", deyə ECU-nun Dəqiq Sağlamlıq Mərkəzinin tədqiqatçısı Ayişə Milliqan Armstronq bildirib.
Tədqiqatda Avstraliyanın AIBL (Australian Imaging, Biomarkers and Lifestyle Study) layihəsində iştirak edən 351 yaşlı könüllü iştirak edib. İştirakçıların orta yaşı təxminən 75 olub və onların heç birinə idrak pozğunluğu diaqnozu qoyulmayıb.
Bununla belə, iştirakçıların beynində Altsheymer xəstəliyinin erkən biomarkeri hesab edilən amiloid zülallarının toplanmasının ilkin əlamətləri müşahidə olunub.
Alimlər AQP4 geninin 13 geniş yayılmış variantını iştirakçıların yuxu vərdişləri ilə müqayisə ediblər. Daha sonra MRT müayinələri aparılıb, həmçinin yaddaş, nitq və diqqət də daxil olmaqla müxtəlif idrak funksiyaları qiymətləndirilib.
Nəticələr göstərib ki, bəzi gen variantlarına malik insanlarda qısa yuxu müddəti boz maddənin daha sürətli azalması ilə əlaqəli olub. Digər iştirakçılarda isə beyindəki dəyişikliklər əsasən yuxuya getmək üçün tələb olunan vaxtla əlaqələndirilib.
Araşdırmanın maraqlı nəticələrindən biri də budur ki, uzun müddət yatmaq hər zaman daha sağlam beyin göstəricisi demək deyil. Müəyyən gen variantlarına malik insanlarda daha uzun yuxu müddəti idrak qabiliyyətlərinin daha nəzərəçarpacaq azalması ilə əlaqələndirilib.
Alimlər qeyd edirlər ki, bu nəticələr hər hansı bir genin insanın taleyini müəyyənləşdirdiyini göstərmir. Bununla belə, onların fikrincə, yuxu genetikadan fərqli olaraq dəyişdirilə bilən amildir və fərdi yanaşma gələcəkdə Alzheimer xəstəliyinin profilaktikasında mühüm rol oynaya bilər.
"Uzun müddətdir ki, pis yuxu ilə Alzheimer xəstəliyi riski arasında əlaqənin olduğunu bilirdik. Bu araşdırma göstərir ki, risk qrupunda olan hər kəs üçün eyni yanaşma uyğun olmaya bilər və profilaktika daha fərdiləşdirilmiş olmalıdır", deyə tədqiqatın digər müəllifi Teniyel Porter bildirib.
Tədqiqatın rəhbərlərindən professor Saymon Lous bildirib ki, əldə olunan nəticələr hər kəs üçün eyni sayda saat yuxunun ideal olduğunu söyləməyə əsas vermir.
"Burada əsas məsələ yuxunun müddəti deyil, insanın genetik xüsusiyyətləri ilə yuxu rejimi arasındakı qarşılıqlı təsirdir", deyə o qeyd edib.
Mütəxəssislər əlavə edirlər ki, müntəzəm yuxu rejiminə riayət etmək, yuxu apnoesi kimi pozğunluqları müalicə etdirmək və sağlam həyat tərzi sürmək əvvəlki kimi vacib olaraq qalır. Lakin bu tədbirlərin effektivliyi də müəyyən dərəcədə insanın genetik xüsusiyyətlərindən asılı ola bilər.
Növbəti mərhələdə alimlər AQP4 geninin müxtəlif variantlarını nəzərə alan klinik tədqiqatlar apararaq fərdiləşdirilmiş yuxu rejiminin uzunmüddətli beyin sağlamlığına təsirini qiymətləndirməyi planlaşdırırlar.
Jalə Demokrat.az


