Çinin "Beijing Greenfa Zhongke Lithium Capacitor Technology" şirkəti dünyada ilk dəfə 5 MVt gücündə olan, tamamilə karbondan hazırlanan superkondensator tipli enerji saxlama sisteminin sınaqlarını tamamlayıb. Qurğu Çinin CNAS sertifikatını alaraq beynəlxalq səviyyədə tanınıb.
Litium-ion akkumulyatorlarından fərqli olaraq, superkondensatorlar yük dəyişikliyinə 10 millisaniyədən də az müddətdə reaksiya verir. Bu sistem 1 milyondan çox doldurulma-boşalma dövriyyəsinə dözümlüdür və gün ərzində yüzlərlə dəfə aktivləşə bilir. Bu xüsusiyyət onu enerji şəbəkələrində tezliyin tənzimlənməsi üçün ideal vasitəyə çevirir.
Sistemin əsasını 4500 Farad tutumlu xüsusi superkondensatorlar təşkil edir. Ümumilikdə 22 400 elementdən ibarət olan qurğunun faydalı iş əmsalı 95%-dən yüksəkdir.
Yeni texnologiyanın əsas üstünlüyü litium akkumulyatorlarında tez-tez baş verən qısaqapanma və alışma riskinin olmamasıdır. Həmçinin bu batareyalar aşağı temperaturda da tam sabit işləyir. Yeni sistem ilk olaraq Tsinxay əyalətindəki enerji şəbəkəsində quraşdırılacaq və uzun illər istismar müddətində elementlərin dəyişdirilməsinə ehtiyac qalmayacaq.
Demokrat.az


