Media Özəl

Bu gün Azərbaycan ordusu dünyada yüksək döyüş qabiliyyətinə və müasir silahlara malikdir

Bu gün Azərbaycan ordusu dünyada yüksək döyüş qabiliyyətinə və müasir silahlara malikdir

26 iyun tarixi Azərbaycan hərb tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilərək milli hərbi birləşməyə çevrilməsi, müstəqil ordunun formalaşdırılması yolunda mühüm mərhələ oldu. Bu addım sonrakı dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin təməlini təşkil edən strateji qərarlardan biri kimi tarixə düşdü.

Müstəqilliyin bərpasından sonra Azərbaycan Ordusunun yenidən qurulması istiqamətində mühüm addımlar atıldı, ordunun maddi-texniki bazası gücləndirildi, peşəkar kadr hazırlığı və müasir silahlanma prioritet istiqamətlərə çevrildi. İllər ərzində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi.

Bu gün Azərbaycan ordusu dünyada yüksək döyüş qabiliyyətinə və müasir silahlara malikdir

Azərbaycan Ordusunun gücü xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirildi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, döyüş hazırlığı və vətənpərvərlik nümayiş etdirərək uzun illər işğal altında qalan torpaqlarımızın böyük hissəsini azad etdi. Müharibə Azərbaycanın hərbi tarixində şanlı zəfər salnaməsi kimi yer aldı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu. Daha sonra həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycanın suverenliyi bütün ərazilərində tam təmin edildi.

Bu gün 26 iyun ölkəmizdə Ordu Günü kimi qürurla qeyd olunur. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti xalqımızın yaddaşında daim yaşayır. Ordu Günü təkcə hərbçilərin peşə bayramı deyil, həm də dövlətimizin gücünü, xalqımızın birliyini və müstəqilliyimizin etibarlı təminatçısı olan Azərbaycan Ordusuna olan sonsuz ehtiramı ifadə edən əlamətdar gündür.

Deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri hesab olunur:

Bu gün Azərbaycan ordusu dünyada yüksək döyüş qabiliyyətinə və müasir silahlara malikdir

“Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin öz təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü qorumaq və dövlət müstəqilliyini möhkəmləndirmək istiqamətində atdığı ilk strateji addımlardan idi. Həmin dövrdə regionda mürəkkəb hərbi-siyasi vəziyyət hökm sürürdü və yeni yaranmış dövlətin yaşaması üçün milli orduya ehtiyac həyati əhəmiyyət daşıyırdı.

Əlahiddə Azərbaycan Korpusu ilk növbədə milli hərbi kadrların formalaşdırılması, vahid komandanlıq sisteminin yaradılması və dövlətə sadiq silahlı qüvvələrin təşkili baxımından mühüm rol oynadı. Bu korpusun yaradılması ilə Azərbaycan ordusu etnik və milli əsasda təşkil olunmağa başladı, hərbi idarəetmədə milli maraqlar əsas götürüldü.

Nəticədə, dövlətin təhlükəsizliyini təmin edə biləcək peşəkar hərbi strukturun təməli qoyuldu”.

O qeyd edib ki, bu addım Azərbaycanın müstəqilliyinin qorunmasında da mühüm əhəmiyyət kəsb etdi:

“Milli hərbi qüvvələrin mövcudluğu ölkənin daxili sabitliyinin təmin olunmasına, xarici təhdidlərə qarşı müqavimət imkanlarının artırılmasına və dövlət institutlarının möhkəmlənməsinə xidmət etdi. Sonrakı dövrdə Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakının azad olunması və ölkənin müxtəlif bölgələrində dövlət hakimiyyətinin bərqərar edilməsi proseslərində milli hərbi hissələrin fəaliyyəti xüsusi rol oynadı. Əlahiddə Azərbaycan Korpusunun yaradılması həm də Azərbaycan hərb ənənələrinin bərpası və gələcək nəsil zabitlərin yetişdirilməsi baxımından əhəmiyyətli idi. Məhz həmin dövrdə əsası qoyulan hərbi idarəçilik prinsipləri və milli ordu quruculuğu ideyası sonrakı mərhələlərdə də öz aktuallığını qoruyub saxladı. Bu gün müasir Azərbaycan Silahlı Qüvvələrinin tarixi kökləri məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış həmin hərbi strukturlara söykənir.

Buna görə də 26 iyun təkcə peşə bayramı deyil, həm də Azərbaycan xalqının dövlətçilik iradəsini, müstəqil yaşamaq əzmini və milli ordunun əhəmiyyətini ifadə edən tarixi gündür. Əlahiddə Azərbaycan Korpusunun yaradılması Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının və öz təhlükəsizliyini təmin etmək qabiliyyətinin əsas sütunlarından biri olub”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir:

Bu gün Azərbaycan ordusu dünyada yüksək döyüş qabiliyyətinə və müasir silahlara malikdir

“1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində bir sıra ciddi uğurlara imza atdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. İlk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir”.

Deputatın sözlərinə görə, Vətən müharibəsində qələbəmizdə müstəqilliyin ilk illərində Ulu Öndərin əsasın qoyduğu siyasət, sonrakı dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət mühüm rol oynadı:

“Bu gün Azərbaycan ordusu dünyada nizamlı, yüksək döyüş qabiliyyətinə və müasir silahlara malik ölkələrdən biri sayılır və günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır. Qısa müddətdə Azərbaycan silah alan ölkədən istehsal edən ölkəyə çevrildi. Bu baxımdan 2006-cı ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illər ölkəmizdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, həmin məhsulların bir hissəsi ixrac edilir.

Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülüb, onlarla yeni hərbi şəhərcik yaradılıb. Hərbçilərin xidmət şəraiti daha da yaxşılaşdırılıb, son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilib və ya əsaslı təmir edilib.

Son illər ordu quruculuğu sahəsində görülmüş bütün bu tədbirlər Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə ciddi töhfə verib, Azərbaycan ordusunun düşmən üzərində qələbəsini təmin edib.

Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” barədə imzaladığı sərəncam dövlətimizin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir. Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər bir çox aspektlərdən xüsusi önəm daşıyır.

Azərbaycan Ordusuna, bu ordunun hər bir əsgər və zabitinə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı var. Eyni zamanda hərbi qulluqçuların əmək haqlarının artırılması, hərbçilərin təltif olunması bir daha onu göstərir ki, ölkə rəhbərliyi ordumuza böyük diqqət və qayğı nümayiş etdirir”.

Leyla Turan Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqamətində hazırlanıb.

D
demokrat.az