Bərdə rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhəri, E.Əsədov küçəsində baş verib. 1963-cü il təvəllüdlü Səməd yolun kənarında qonşusu Əzizlə (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, Əzizin sifət nahiyəsinə qəsdən bir dəfə əli ilə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəməyə ərizə təqdim edib, zərərçəkmiş şəxs ilə barışdığını, tərəfindən dəymiş ziyanın tam şəkildə ödənildiyini deyib.
Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını təsdiqləyib. Bərdə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.


