Kriminal Özəl

"Qaynanamın gözü qarşısında arvadımı başından vurdum"

Qaynanamın gözü qarşısında arvadımı başından vurdum

Balakən rayonunda 24 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsində baş verib.

2002-ci il təvəllüdlü Rəşad həmin ərazidə yerləşən evin içərisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Nərgizin (adlar şərtidir – red.) başına, sifətinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən 5-6 dəfə yumruqla vurub.

Rəşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2019-cu ildə Nərgiz ilə qeyri-rəsmi olaraq evlənib, onunla evliliyindən 2020-ci il təvəllüdlü qızı Süsən anadan olub:

“Məlum hadisə günü, təxminən saat 17 radələrində yaşadığımız Roçəhməd yaşayış məntəqəsində olan fermada yerləşən evdə olduğumuz zaman spirtli içkinin təsiri altında həyat yoldaşım ilə mübahisə etməyə, onu qısqandığımdan əxlaqsızlıqla günahlandırmağa başladım. Bu zaman Nərgiz mənə qarşı nalayiq ifadə işlətdi. Həmin vaxt əsəbiləşərək, Nərgizin üzərinə hücum etdim, 5-6 dəfə yumruqla onun sifətinə, başına və bədəninin müxtəlif yerlərinə vurdum. Bu zaman Nərgiz xəsarətlər aldı”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Nərgiz anası Gülşənə zəng edib və onu aparmasını bildirib:

“Nərgiz getməsin deyə onu qorxutmaq üçün stolun üzərindəki cib bıçağını götürdüm və əgər məni qoyaraq getsə, özümü öldürəcəyimi dedim. Lakin Nərgizin üzərinə bıçaqla hücum etmədim, onu öldürməklə hədələmədim. Həmçinin ona bıçaqla hər hansı bir xəsarət yetirməmişəm. Təxminən 1 saatdan sonra yaşadığımız yerə qayınanam Gülşən və baldızım Samirə gəldilər. Onların yanında Samirənin 2021-ci il təvəllüdlü oğlu Babək də olub. Həmin yerdə də Nərgizin başına yumruqla bir dəfə vurdum. Həmçinin Nərgizi aparmaq istəyən anası və bacısıyla aramızda sözlə mübahisə yarandı. Lakin mübahisə zamanı bir-birimizə vuraraq xəsarət yetirmədik. Daha sonra qayınanam Nərgizi zorla oradan çıxararaq apardı. Fermada yaşadığımız yerdə bir az gözlədikdən sonra 5 yaşlı qızımla birlikdə atamın yaşadığı evə getdik”.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Rəşad 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli

D
demokrat.az