Sağlamlıq Özəl

E vitamini: Beyin sağlamlığının gizli dəstəkçisi

E vitamini: Beyin sağlamlığının gizli dəstəkçisi

Uzun illərdir ki, E vitamini əsasən dəri sağlamlığı, antioksidant təsiri və gözəllik vitamini kimi tanınır. Bəzən onun ürək sağlamlığı üçün də faydalı olduğu vurğulanır. Lakin mütəxəssislər bildirirlər ki, E vitamini beynin normal fəaliyyətinin qorunmasında da mühüm rol oynayır. O, yaddaşı və diqqəti dəstəkləyir, yaş artdıqca yaranan zehni zəifləmə proseslərini ləngidə bilər.

Demokrat.az xəbər verir kibu sahədə aparılmış ən böyük araşdırmalardan biri qanda E vitamininin aşağı səviyyədə olmasının yaddaş zəifləməsi riskini 60 faiz artırdığını göstərib. Buna baxmayaraq, insanların əksəriyyəti gündəlik tövsiyə olunan E vitamini miqdarını qəbul etmir.

ABŞ-da aparılmış qidalanma araşdırmasına görə, əhalinin 88,5 faizi E vitamini üzrə orta gündəlik tələbatı qarşılamır. İrlandiyada aparılan araşdırmalarda da oxşar nəticələr əldə olunub. Xüsusilə gənc qadınlar arasında bu göstərici diqqət çəkir.

Son illərdə E vitamininə maraq yalnız xarici görünüşə təsirləri ilə deyil, həm də beyin yaşlanmasını yavaşlatmaq və demensiya ilə Alzheimer xəstəliyi riskini azaltmaq potensialı ilə əlaqədar artıb. Güclü antioksidant hesab olunan E vitamini orqanizmdə toplanan sərbəst radikalları neytrallaşdırmağa kömək edir. Bu maddələr vaxtından əvvəl qocalma, iltihabi proseslər və sinir sistemi xəstəlikləri ilə əlaqələndirilir.

Mütəxəssislərin sözlərinə görə, E vitamini hüceyrə membranlarının bütövlüyünü və elastikliyini qoruyur, sinir sisteminin fəaliyyətini dəstəkləyir, iltihabı azaldır, həmçinin qan damarları və gözlərin sağlamlığına müsbət təsir göstərir.

Araşdırmalar E vitamininin yüksək qəbulunun yaşlı insanlarda zehni geriləməni yavaşlada biləcəyini göstərir. 15 tədqiqatın nəticələrini əhatə edən meta-analizdə yüksək E vitamini qəbulunun demensiya riskini 21 faiz, Alzheimer xəstəliyi riskini isə 22 faiz azaltdığı müəyyən edilib. Şanxay Yaşlanma Araşdırmasında isə qida ilə az E vitamini qəbul edən şəxslərdə demensiya inkişaf etmə riskinin 2,3 dəfə yüksək olduğu aşkarlanıb.

E vitamini əsasən keyfiyyətli yağ mənbələrində olur. Günəbaxan tumu, badam, fındıq, buğda rüşeymi yağı, zeytun yağı, avokado, ispanaq, kivi, manqo, püstə, yumurta sarısı və qızılbalıq bu vitaminlə zəngin qidalar sırasındadır.

Mütəxəssislər bildirirlər ki, qoz-fındıq, toxumlar, yaşıl tərəvəzlər və faydalı yağlarla zəngin qidalanan insanlar adətən E vitamini ehtiyacını qidalardan qarşılaya bilirlər. Lakin çox az yağlı qidalanma, bəzi həzm sistemi və qaraciyər xəstəlikləri, eləcə də laborator analizlərlə təsdiqlənmiş çatışmazlıq hallarında vitamin əlavələrinə ehtiyac yarana bilər.

E vitamini yağda həll olunan vitamin olduğundan onun daha yaxşı mənimsənilməsi üçün qidalarla birlikdə müəyyən miqdarda yağ qəbul etmək tövsiyə olunur. Mütəxəssislər salatlara zeytun yağı əlavə etməyi və ya tərəvəzlərlə birlikdə tahin istifadə etməyi məsləhət görürlər. Həmçinin vurğulanır ki, qida nə qədər çox emal olunursa, tərkibindəki E vitamini də bir o qədər azalır.

Jalə Demokrat.az

D
demokrat.az