Süni intellekt texnologiyalarının məktəb təhsilinə inteqrasiyası son illərdə daha geniş vüsət almaqdadır. Bu texnologiyalar şagirdlərə məlumat əldə etmək və tapşırıqları daha sürətli yerinə yetirmək imkanı yaradır. Lakin mütəxəssislər bu prosesin şagirdlərin düşünmə və analiz etmə bacarıqlarına təsiri ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Bəzi yanaşmalara görə, süni intellektdən həddindən artıq istifadə şagirdlərin müstəqil düşünmə vərdişlərini zəiflədə bilər. Digər tərəfdən isə düzgün istifadə edildikdə bu texnologiya tədris prosesini daha effektiv və interaktiv edə bilər. Bu səbəbdən məsələ təhsil sistemində yeni müzakirə mövzularından birinə çevrilib.
Məsələ ilə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a bildirib ki, süni intellekt sahəsi hazırda qlobal miqyasda ən sürətlə inkişaf edən istiqamətlərdən biridir:
“Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Əgər ölkəmiz dünya ilə bu sahədə rəqabət aparmağı hədəfləyirsə, ilk növbədə orta ümumtəhsil məktəblərində süni intellekt üzrə əsas biliklərin verilməsi və ali təhsil müəssisələrində bu istiqamətdə ixtisasların açılması vacibdir. Çünki gələcəkdə əsas rəqabət məhz süni intellekt sahəsində formalaşacaq. Bu baxımdan, hələ indidən təməl biliklərin formalaşdırılması çox önəmlidir.
Beləliklə, yaxın on il ərzində Azərbaycan da bu sahədə öz sözünü deyə biləcək səviyyəyə çata bilər. Ümid edilir ki, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin potensialı düzgün yönləndirildiyi halda, gələcəkdə ölkəmizdə süni intellekt sahəsində mühüm nailiyyətlər əldə oluna bilər. Bunun üçün istedadlı uşaqların üzə çıxarılması, onların inkişaf etdirilməsi və sistemli şəkildə dəstəklənməsi əsas şərtlərdən biridir. Bu prosesin ibtidai siniflərdən başlayaraq mərhələli şəkildə davam etdirilməsi məqsədəuyğundur. Ali təhsil müəssisələrində süni intellekt ixtisaslarının yaradılması isə tələbələrin daha geniş layihələrə cəlb olunmasına imkan yaradacaq”.
O deyib ki, müasir laboratoriyaların qurulması və yüksək texnologiyalar üzrə maddi-texniki bazanın gücləndirilməsi də mühüm rol oynayır:
“Bu şərait təmin olunduğu təqdirdə, Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin gəncləri ilə rəqabət aparmaq və innovativ layihələr həyata keçirmək imkanına sahib ola biləcəklər. Hazırda sosial platformalarda da müşahidə olunur ki, bəzi gənclər heç bir xüsusi dəstək olmadan süni intellekt əsaslı proqramlar hazırlayırlar. Onlara əlavə dəstək göstərildiyi halda isə bu sahədə daha geniş və sürətli inkişafın əldə olunması mümkündür.
Ümumilikdə, şagird və tələbələrdə bu istiqamətdə ciddi potensial mövcuddur. Əsas məsələ həmin potensialın düzgün istiqamətləndirilməsi və sistemli şəkildə inkişaf etdirilməsidir”.
Leyla Turan Demokrat.az


