Sosial Özəl

Sükan arxasında canlı yayım açanlar cərimələnəcək

Sükan arxasında canlı yayım açanlar cərimələnəcək

Son illərdə Azərbaycanda sükan arxasında mobil telefondan istifadə halları narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Avtomobili idarə edərkən zəng etmək, mesaj yazmaq, sosial şəbəkələrdə vaxt keçirmək, video çəkmək və hətta canlı yayım açmaq kimi davranışlar sürücünün diqqətinin yoldan yayınmasına səbəb olur. Bu isə yol-nəqliyyat hadisələrinin başvermə riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə son dövrlərdə bəzi sürücülər arasında sosial şəbəkələr üçün görüntü hazırlamaq məqsədilə sükan arxasında telefondan istifadə hallarının artması həm hüquq-mühafizə orqanlarını, həm də ictimaiyyəti ciddi narahat edir.

Araşdırmalar göstərir ki, sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması belə ağır qəza ilə nəticələnə bilər. Bu zaman avtomobil sürücünün diqqəti yoldan yayınmış vəziyyətdə onlarla metr məsafə qət edir ki, bu da piyadalar, sərnişinlər və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Məhz buna görə dünyanın bir çox ölkəsində sükan arxasında mobil telefondan istifadəyə görə tətbiq olunan cərimələr son illərdə daha da sərtləşdirilib. Azərbaycanda da bu istiqamətdə inzibati məsuliyyətin gücləndirilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, hazırda Azərbaycan qanunvericiliyinə, yəni İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə edilməsinə görə 50 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq olunur:

“Bu cərimələrin gələcəkdə sərtləşməsi tamamilə mümkündür. Dövlət Yol Polisi və yol hərəkəti üzrə ekspertlər qəzaların sayını azaltmaq üçün tez-tez xəbərdarlıqlar edir və cərimələrin artırılmasını müzakirə edirlər. Dünyada da bu növ qayda pozuntularına görə cəzalar mütəmadi olaraq ağırlaşdırılır, buna görə də Azərbaycanda yaxın gələcəkdə cərimə məbləğinin və ya balların artırılması istisna deyil. Digər tərəfdən, artıq yollarda nəzarət daha da güclənib. Yeni nəsil intellektual kameralar və radarlar təkcə sürət həddini yox, həm də sürücünün təhlükəsizlik kəməri taxmamasını və sükan arxasında telefonla danışmasını birbaşa qeydə ala bilir. Bu səbəbdən qayda pozanların cərimələnmə ehtimalı indi çox yüksəkdir. Qanunvericiliyə hər hansı rəsmi dəyişiklik edildiyi zaman bu barədə rəsmi məlumatlar paylaşılacaq, lakin hazırda ən təhlükəsiz seçim sükan arxasında telefondan tamamilə uzaq durmaqdır”.

Vəkilin fikirlərindən də göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik sükan arxasında mobil telefondan istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla yanaşı, nəzarət sistemlərinin texnoloji imkanlarının genişlənməsi qayda pozuntularının aşkar edilməsini xeyli asanlaşdırıb. Xüsusilə müasir müşahidə kameraları yol hərəkəti qaydalarının pozulmasını daha operativ qeydə alır ki, bu da məsuliyyətdən yayınmaq imkanlarını minimuma endirir.

Qeyd olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında təkcə cərimələrin tətbiqi kifayət etmir. Sürücülərin məsuliyyətli davranışı, yol hərəkəti qaydalarına ciddi əməl etməsi və nəzarət mexanizmlərinin səmərəli fəaliyyəti qəzaların qarşısının alınmasında mühüm rol oynayır. Bu baxımdan, sükan arxasında mobil telefondan istifadədən imtina etmək həm sürücünün, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib hesab olunur.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova