Qızılın qiymətində son dövrlərdə müşahidə olunan dəyişkənlik investorların diqqətini yenidən bu bazara yönəldib. Qlobal iqtisadi proseslər, inflyasiya gözləntiləri və mərkəzi bankların faiz siyasəti qiymətlərin istiqamətində həlledici rol oynayır. Bəs qızılın qiyməti düşməyə davam edəcəkmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, qızılın qiyməti bundan sonra əsasən ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasətindən asılıdır:
"Dünənki ucuzlaşmanın səbəbi isə Federal Ehtiyat Sisteminin növbəti iclası ilə bağlıdır. Faiz dərəcələri dəyişdirilməsə də, ilin sonrakı dövrü üçün proqnozlar yeniləndi.
Son aylarda neft qiymətlərinin bahalaşması ABŞ-də inflyasiya gözləntilərini artırır. Bu isə faizlərin yaxın dövrdə aşağı salınmayacağı ehtimalını gücləndirir. Nəticədə həm neft, həm də qızıl bazarlarında təzyiq müşahidə olunur. Qızılın qiyməti yalnız monetar siyasətdən deyil, həm də geosiyasi risklərdən asılıdır. Siyasi və hərbi gərginliklər artdıqda qızıl adətən bahalaşır. Amma hazırkı mərhələdə gözləntilər dəyişkəndir və dəqiq proqnoz vermək çətindir.
İlin əvvəlində qızılın 2026-cı ildə bahalaşacağı ilə bağlı proqnozlar səsləndirilirdi. Lakin Hörmüz boğazı ətrafında baş verən proseslər və neft qiymətlərindəki dəyişikliklər bazarda yeni tendensiyalar yaratdı. Əgər qlobal inflyasiya azalarsa, qızılın qiymətində artım müşahidə oluna bilər. Əks halda, inflyasiya yüksək qaldıqca qızıl qiymətlərində eniş ehtimalı da davam edəcək", - deyə o qeyd edib.
Beləliklə, qızılın qiymətindəki dalğalanmalar birbaşa qlobal inflyasiya və mərkəzi bankların qərarları ilə idarə olunur. Geosiyasi gərginliklər və enerji daşıyıcılarının bahalaşması investorların strateji addımlarına ciddi təsir göstərir. Yaxın gələcəkdə qızıl bazarında sabitliyin yaranması yalnız qlobal iqtisadi risklərin azalmasından sonra mümkün olacaqdır.
Əfsanə Kamal Demokrat.az


