Market və supermarketlərdə alış-veriş zamanı məhsulun təsadüfən əl dəyərək sınması tez-tez rast gəlinən hallardandır. Xüsusilə dar keçidlər, düzgün yerləşdirilməyən şüşə qablar və ya sıxlıq səbəbindən alıcılar bilmədən məhsulu yerə sala və zədələyə bilirlər. Belə vəziyyətlərdə bəzi mağazalar alıcıdan ödəniş tələb edir, bəzi hallarda isə məsuliyyəti öz üzərlərinə götürürlər. Bu isə “dəymiş ziyanı kim ödəməlidir?” sualını gündəmə gətirir.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu, çox incə məsələdir:
“Burada əsas meyar təqsirdir. Yəni əgər alıcının təqsiri varsa, təqsirin iki forması var: qəsd və ehtiyatsızlıq. Qəsd odur ki, insan bilərəkdən hərəkət edir, yəni bilə-bilə nəsə edir. Məsələn, deyir ki, “mən sənin malını sındıracağam” və bunu qəsdən həyata keçirir. Bir də var ehtiyatsızlıq. Ehtiyatsızlıq isə insanın adi davranış qaydalarına əməl etməməsi deməkdir. Yəni insan özünü necə aparmalıdırsa, o qaydada aparmır. Diqqətsizlik edir, ehtiyatlı davranmır. Məsələn, insan sadəcə keçir, əli ilə nəyəsə toxunur, yaxud əşyanı götürür, əlindən düşür və sınır. Bu artıq ehtiyatsızlıq sayılır. Burada bir məsələ də var ki, sıxlıq olur, əşyalar düzgün yerləşdirilmir, kənara qoyulur. İnsan da oradan keçərkən belə bir vəziyyətin baş verə biləcəyini ehtimal etmir və nəticədə toxunma və ya zədələnmə olur. Belə hallarda bəzən deyilir ki, insan ehtiyatlı olmalı idi, bəzən isə qarşı tərəf bildirir ki, əşyalar düzgün yerləşdirilməyib”.
O deyib ki, praktikada isə əksər hallarda mağazalar müştəridən ödəniş tələb edirlər:
“Yəni deyirlər ki, sən ehtiyatsızlıq etmisən və ziyanı ödəməlisən. Lakin müştəri də bunu mübahisələndirə bilər. Bu halda məsələ məhkəməyə və ya müvafiq qurumlara məsələn, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə həll oluna bilər. Hər halda mağaza təkbaşına “pulunu verməsən, çıxma” deyə bilməz. Əgər mübahisə yaranırsa, məsələ hüquqi qaydada həll olunmalıdır. Mağaza müştərini məcbur saxlaya bilməz. Belə halda mağaza yalnız məhkəməyə müraciət edə bilər, vətəndaşın məlumatları alınır və məsələ hüquqi müstəvidə araşdırılır. Bu yalnız mağazalara aid deyil, ümumiyyətlə, istənilən ictimai məkanda bu qaydalar keçərlidir. Restoranlarda, digər xidmət yerlərində də eyni yanaşma var. Əsas məsələ odur ki, zərərin kim tərəfindən və hansı şəraitdə törədildiyi düzgün müəyyən olunsun. Bir daha qeyd etmək lazımdır ki, bir çox ölkələrdə, məsələn Avropa ölkələrində və ABŞ-də bu kimi hallara yanaşma daha çox vəziyyətin konkret qiymətləndirilməsinə əsaslanır. Əgər malın dəyəri aşağıdırsa, çox vaxt mağazalar bunu böyütmürlər və müştərinin qəsdən etmədiyini nəzərə alırlar. Çünki belə kiçik məbləğlər üçün məhkəmə prosesi həm vaxt, həm də xərc baxımından sərfəli olmur. Amma əgər malın dəyəri yüksəkdirsə, bu artıq tamamilə fərqli yanaşma tələb edir və məsələ ciddi şəkildə hüquqi müstəviyə keçir. Nəticə olaraq, hər bir halda konkret vəziyyətə baxmaq lazımdır. Bizdə isə təəssüf ki, bəzi mağazalar dərhal ödəniş tələb edirlər, amma burada da qanunvericiliyə uyğun hərəkət olunmalıdır və hər bir hal ayrıca qiymətləndirilməlidir”.
Leyla Turan Demokrat.az


