Bakının Xətai rayonunda iki nəfərin arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elnur rayon ərazisində küçələrdən birində obyektlərin qarşısında park edilmiş avtomobilin təkərinin havasının boşaldılmasına oradan keçən İmranın irad bildirməsini cüzi bəhanə edib.
Aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan üzərindəki mətbəx bıçağı ilə iki dəfə İmranın döş nahiyəsinə vurub.
Elnurun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, rus bölməsində təhsil almasına baxmayaraq Azərbaycan dilində yazıb-oxumağı bacarır:
“Məni suni intellekt vasitəsilə kənardan idarə edirlər. Mən azadlıqda olan zaman heç bir fəaliyyətlə məşğul olmamışam. Hadisə vaxtı həmin ərazidə sadəcə gəzinti edirdim. Məlum hadisə günü, saat 23 radələrində baş vermiş hadisədə aramızda bıçaqlanma və avtomobil təkərlərinin deşilməsi məsələsi olub. Ancaq həmin hadisədə tərəflərin kimlər olması ilə bağlı məlumatım yoxdur. Mən sadəcə həmin hadisənin şahidi olmuşam. Məhkəmə zalında gördüyüm, zərərçəkmiş şəxs kimi bildiyim İmran hadisə vaxtı təkəri deşən adama “niyə belə edirsiz?” deyərək nalayiq ifadə işlədib. Təkəri deşən şəxs də zərərçəkmiş şəxsin üstünə gedərək bıçaq çıxarıb.
Məhkəmədə bu cür ifadə verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, valideynlərinin hər ikisinin rəhmətə getməsi səbəbindən və maddi vəsaitinin olmamasına görə Bakı şəhərinin müxtəlif rayonlarında küçələrdə yaşayır:
“Məlum hadisə günü, gecə saat 23 radələrində zibillikdən yemək üçün çörək toplayan zaman tanımadığım bir nəfər şəxs məni söyərək “rədd ol buralardan” dedi. Mən həmin şəxsə “mənimlə işin olmasın” dedim və daha sonra getmək istədim. Bu zaman həmin şəxs məni yanına çağırdı. Həmin şəxsin yanına getdim. O, məni söyüb, təhqir edərək üzərimə bıçaq çıxardı. Həmin şəxsin bu hərəkəti mənə çox pis təsir etdiyindən əlimdəki sellofanda olan, özümə məxsus bıçağı çıxardım, onun üstünə getdim. Həmin şəxs arxaya çönüb qaçmaq istəyəndə yerə yıxıldı. Həmin şəxsə yaxınlaşdım və əlimdəki bıçaqla sinə, qarın nahiyələrinə iki dəfə zərbə endirdim. Bu zaman özüm də yerə yıxıldım. Həmin şəxs isə ayağa qalxaraq getdi. Mən isə onun arxasınca qaçmayaraq gəzə-gəzə Neapol dairəsi tərəfə getdim. Məhəllələrin birində istifadə etdiyim bıçağı yuyaraq sellofandakı meyvələri doğrayaraq yeməyə başladım. Daha sonra məhəllələrdəki zibilliklərdən çörək yığarkən polis əməkdaşları yaxınlaşaraq məni şöbəyə dəvət etdilər. Şöbədə olarkən bıçaqla xəsarət yetirdiyim şəxsin İmran olmasını bildim. Zərərçəkmiş şəxsi bıçaqla vurmaqda məqsədimin yalnız onu qorxutmaq olub”.
İş üzrə zərərçəkmiş İmranın sözlərinə görə, təqsirləndirilən Elnuru əvvəllər tanımayıb: “Mən yaşadığım binanın altında olan marketdən lazımsız və təkrar emala yararlı olan kağız, kartonları yığıb satmaqla məşğulam. Həmin işlə axşam saatlarında məşğul oluram. Çünki həmin mağazada sistem bu formada qurulub”.
Zərərçəkmiş şəxs deyib ki, məlum hadisə günü, saat 23 radələrində marketə getmək üçün yaşadığı binanın blokundan çıxan zaman blokun qarşısında sağ tərəfdə park edilmiş qonşum Vüsala məxsus “Mitsubishi Lancer” markalı avtomobilin ilk öncə sağ arxa, daha sonra isə sağ qabaq təkərinin sonradan tanıdığım Elnur əyilərək əlindəki bıçaqla deşməsini müşahidə etdim. Həmin vaxt Elnura yaxınlaşaraq iradımı bildirdim. Eyni zamanda Elnurdan etdiyi əməlin səbəbini soruşdum. O, Vüsalla ədavəti olduğu üçün bunu etdiyini bildirdi. Mən Vüsalın burada qaldığını, onu çağıraraq bu məsələni bildirəcəyimi, ona ziyan vurduğunu, nə sözü varsa Vüsalın özünə deyərək söhbət etməyi bildirdim. Bu sözlərdən sonra Elnur oradan uzaqlaşaraq binanın arxa hissəsinə tərəf getdi. Həmin vaxt avtomobilin sahibi olan Vüsal mağazadan çıxaraq yanımdan keçdiyi gördüm və Vüsala olanları bildirdim. Vüsala məsələni danışdıqdan sonra onunla birlikdə binanın arxa hissəsinə keçdik. Elnurun orada dayandığını gördük. Elnura yaxınlaşıb üzbəüz söhbət etməyə çalışdıq. Həmin vaxt Elnurun əlində bıçaq olduğu üçün ondan bıçağı yığışdıraraq avtomobilin sahibi Vüsalla arasında hər hansı ədavəti varsa, onunla söhbət edərək həll etmələrini istədim. Bu sözlərimdən sonra Elnur mənə sərt reaksiya verərək üzərimə gəldi. Mən arxamda olan arabanı fırladaraq qabağa atdım ki, ara məsafəsi olsun. Çünki əlimdə və yanımda özümü müdafiə etmək üçün heç bir əşya olmayıb. Elnurun daha da aqressiv davrandığını gördüm və oradan qaçan zaman ayağım çökəkliyə düşdü, üzü üstə yerə yıxıldım. Bu zaman Elnur mənim üstümə çıxdı və iki bıçaq zərbəsi vurdu. Mən nə qədər Elnura vurmamasını bildirsəm də, o, amansızcasına məni bıçaqla vurmaqda davam etdi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur 8 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


