Turizm Özəl

Azərbaycanda az bilinən turizm potensiallı ərazilər açıqlandı

Azərbaycanda az bilinən turizm potensiallı ərazilər açıqlandı

Azərbaycanın bölgələrində turizm əsasən Bakı və bir neçə məşhur istiqamət ətrafında cəmlənsə də, ölkədə hələ geniş turist axını görməyən, amma böyük potensiala malik çoxsaylı kənd və ucqar yaşayış məntəqələri mövcuddur. Bu ərazilər həm təbiət gözəllikləri, həm də yerli mədəniyyət və ənənələr baxımından zəngin olsa da, infrastruktur və tanıtım imkanlarının məhdudluğu səbəbindən hələlik geniş şəkildə tanınmır.

Bəs, Azərbaycanda turistlərin az getdiyi, amma mütləq görməyə dəyər kəndlər hansılardır və bu ərazilərin turizm potensialı nədən ibarətdir?

Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkənin mərkəzi hissələri, xüsusilə Aran rayonları daha çox səhra və yarımsəhra tipli şəraitə malikdir.

“Əksinə, ölkənin təbiət baxımından ən zəngin bölgələri əsasən şimal, şimal-qərb, qərb və cənub zonalarıdır. Bu ərazilər həm turizm potensialı, həm də təbiət gözəlliyi ilə seçilir. Sözsüz ki, ilk növbədə yerli və xarici turistlərin ən çox üz tutduğu bölgələr Quba, Qusar, Qəbələ və İsmayıllıdır. Bu ərazilər həm paytaxta yaxınlığı, həm də inkişaf etmiş turizm infrastrukturu ilə daha çox tanınır və bu səbəbdən burada ayrıca dayanmağa ehtiyac yoxdur. Ümumilikdə isə Azərbaycanda ziyarət olunacaq çoxlu sayda məkan var. Bunların bir qismi yerli turistlər tərəfindən bilinsə də, xarici turistlərin hələ də az getdiyi bölgələr mövcuddur. Bu baxımdan Bakıdan nisbətən yaxın olan cənub zonası xüsusilə diqqətəlayiqdir. Cənub bölgəsində Astara önəmli yer tutur. Burada həm zəngin təbiət, həm Xəzər dənizi sahili, həm də istirahət üçün əlverişli kəndlər və otellər mövcuddur”.

Ekspert bildirib ki, Astaranın görməli yerləri sırasında Hirkan Milli Parkı, termal və müalicəvi bulaqlar, eləcə də Yanar bulaq kimi təbii məkanlar qeyd oluna bilər.

“Sım kəndi və onun ətrafında yerləşən Sım və Dustaqxana şəlalələri də bölgənin təbiət zənginliyini göstərir. Bundan başqa Ballıqaya, Hamoşam kəndi və burada yerləşən tarixi Kavu qalası da maraqlı məkanlardandır. Astaranın Şi Çır şəlaləsi isə bölgənin ən yüksək və mənzərəli təbii obyektlərindən biridir. Ölkənin şimal-qərb bölgəsi də xüsusi qeyd olunmalıdır. Qax, Zaqatala, Balakən və Şəki rayonları bu zonaya daxildir. Şəki daha çox turizm baxımından tanınsa da, Qax və Zaqatalanın da böyük potensialı var. Qax rayonunda İlisu kəndi, Ramramay və Mamırlı şəlalələri diqqət çəkir. Bölgədə həmçinin çoxsaylı Alban məbədləri mövcuddur ki, bunlar tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Zaqatalada Car, Qəbizdərə və Kas kəndləri təbiət gözəlliyi ilə seçilir. Qəbizdərə şəlaləsi də bölgənin əsas təbii sərvətlərindən biridir. Zaqatalanın özündə Sabunçu deyilən ərazi var ki, burada meşəliklər arasında yerləşən şəlalələr öz təbii gizliliyi ilə fərqlənir”.

Onun sözlərinə görə, şəlalələrdən danışarkən Qəbələdə yerləşən Mucuq şəlaləsi də qeyd olunmalıdır.

“Təxminən 96 metr hündürlüyü olan bu şəlalə ölkənin ən yüksək şəlalələrindən biridir və daha çox ekstremal turizm sevənlər üçün maraqlıdır. Sonda isə Qarabağ bölgəsinə toxunmaq lazımdır. Müharibədən sonra burada yenidənqurma işləri aparılır və bölgənin böyük turizm potensialı mövcuddur. Ağdamda Güllücə kəndi və burada yerləşən keçmiş sanatoriya, Xocavənddə Tuğ kəndi, Laçın və Kəlbəcərin təbii gözəllikləri bu regionun gələcəkdə mühüm turizm mərkəzinə çevriləcəyini göstərir. Laçında Qorçu və Minkənd şəlalələri, Dəlikli kaha ətrafındakı təbiət mənzərələri, Kəlbəcərdə isə Vəng kəndi və Xudavəng monastırı xüsusilə diqqətəlayiqdir. Ümumilikdə, Azərbaycan zəngin təbiəti, tarixi abidələri və müxtəlif iqlim zonaları ilə həm yerli, həm də xarici turistlər üçün böyük potensiala malik ölkədir”.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova