Uşağın dünyaya gətirilməsi ilə bağlı xərclərin artması ailələrin maliyyə planlamasında mühüm məsələlərdən birinə çevrilib. Hamiləliyin izlənilməsi, müayinələr, analizlər, doğuş prosesi və sonrakı ilkin ehtiyaclar nəzərə alındıqda, bu proses artıq təkcə tibbi deyil, həm də ciddi iqtisadi yük kimi qiymətləndirilir. Bəs, bir uşağın ana bətnindən dünyaya gələnədək orta hesabla nə qədər xərc tələb olunur və bu bahalaşma ölkənin demoqrafik göstəricilərinə təsir göstərə bilərmi?
Bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli bildirib ki, doğuş məsələləri ilə bağlı çox ciddi problemlər var.
“İstər özəl, istər dövlət klinikalarında insanların övladlarını dünyaya gətirməsi kifayət qədər baha başa gəlir. Dövlət və özəl klinikalarda qiymətlər bir-birindən fərqlənir, hətta özəl klinikaların özləri arasında da prestij baxımından doğuş qiymətlərində kəskin fərqlər mövcuddur. Əvvəla, söhbət təkcə doğuş günündən getmir. Burada anaların hamilə olduğu gündən övladı dünyaya gətirdiyi günə qədər müxtəlif müayinələr, cinsiyyətin təyin olunması, müxtəlif ölkələrdən gələn və artıq bizim həyatımıza daxil olan ənənələr, bununla bağlı təşkil olunan xüsusi məclislər, aylıq müayinələr və doğuş gününə qədər aparılan digər proseslər də nəzərə alınır. Müayinələrin nəticələrindən asılı olaraq əməliyyatın qeysəriyyə, yoxsa təbii doğuş üsulu ilə aparılması məsələlərində də qiymətlər fərqlənir”.
Ekspert bir məqamı da qeyd edib ki, son vaxtlar həyatımıza yeni tendensiya da daxil olub ki, bu da xüsusi günlərdə doğuşların həyata keçirilməsidir.
“Doqquz aylıq müddət tam başa çatmadan xüsusi tarixlərdə doğuşların planlaşdırılması halları artır. Məsələn, qarşıdan 26.06.26 tarixi gəlir və həmin tarixdə kifayət qədər çox doğuş olacağı gözlənilir. Eləcə də 06.06.26 tarixində uşağın doğumunun həmin günə təsadüf etməsi üçün nə qədər məcburi qeysəriyyə əməliyyatları həyata keçirilib. Təbii ki, bunların da hər birinin ayrıca qiyməti var. Klinikaların qiymətləri onların bahalı, orta və premium səviyyədə olmasına görə dəyişir. Nəticədə bəzi ailələr üçün övlad dünyaya gətirmək prosesi təxminən 3000 manatdan başlayaraq 10000-15000 manata qədər xərc tələb edir. Bütün bu xərclər, sosial problemlər və qayğılar sonradan növbəti uşağın dünyaya gətirilməsi qərarına da təsir edir. Bu qədər xərclərin mövcud olduğu şəraitdə valideynlər çox zaman bir uşaqla kifayətlənməyə üstünlük verirlər. Bu da öz növbəsində demoqrafik vəziyyətə ciddi təsir göstərir”.
Onun sözlərinə görə, demoqrafik vəziyyətə təsir edən digər amillər də var.
“Məsələn, boşanmalar, cütlüklərin gec evlənməsi məsələsi mövcuddur. Oğlanların iş tapıb özlərinə dolanacaq qurana qədər evlilik yaş həddi artıq 30-35 yaşa qədər yüksəlib. Evlənmələrin sayı azalıb, boşanmaların sayı isə artıb. Bütün bu faktorlarla yanaşı, övladın dünyaya gətirilməsi zamanı yaranan yüksək xərclər də doğuşların intensivliyinə və artım tempinə təsir göstərir, insanların çoxsaylı övlad sahibi olmaq istəyini azaldır və nəticədə ölkədə demoqrafik balansın pozulmasına səbəb olur”.
Beləliklə, uşaq dünyaya gətirməyin baha başa gəlməsi ölkədə birbaşa demoqrafik böhran riskini formalaşdırır. İqtisadi yüklərin artması ailələrin tək uşaqla kifayətlənməsinə və əhalinin təbii artım tempinin aşağı düşməsinə səbəb olur. Bu problemin həlli gənc ailələrə yönəlmiş xüsusi sosial paketlərin və tibbi sığorta güzəştlərinin tətbiq edilməsini zəruri edir.
Əfsanə Kamal Demokrat.az


