Dünya Özəl

Tramp ABŞ şirkətlərindən Ukraynada silah istehsal etməyi xahiş edəcək

Tramp ABŞ şirkətlərindən Ukraynada silah istehsal etməyi xahiş edəcək

ABŞ Prezidenti Donald Tramp Amerika müdafiə şirkətlərindən Ukrayna və Avropada lisenziya əsasında silah istehsalını təşkil etməyi xahiş edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" danışıqların gedişi barədə məlumatlı rəsmilərə istinadən yazıb.

“Onlar belə imkana malik olmaq istəyirlər, biz bu məsələni nəzərdən keçirəcəyik”, deyə Tramp Fransada keçirilən G7 sammitində bildirib.

Nəşr qeyd edir ki, Ukraynanın hava hücumundan müdafiə vasitələrinə, xüsusilə də yalnız ABŞ-da istehsal olunan və Rusiyanın ballistik raketlərini məhv etmək üçün istifadə edilən raket-tutuculara ehtiyacı var.

Mənbələrin sözlərinə görə, ABŞ İranla müharibə zamanı ehtiyatlarının əhəmiyyətli hissəsini sərf etdiyindən istehsalın artırılması üçün vaxt tələb olunur. Bu səbəbdən Tramp müttəfiqlərinə lisenziyalaşdırma imkanını nəzərdən keçirəcəyini bildirib.

“Konret lisenziyalar iştirakçı ölkələr arasında ətraflı müzakirə olunacaq. Bu, Amerika şirkətlərinin Avropa istehsalçılarına genişmiqyaslı lisenziyalar təqdim etməsini nəzərdə tutur”, deyə Almaniya kansleri Fridrix Merz deyib.

“Hamımız kifayət qədər istehsal gücünün olmaması problemi ilə üz-üzəyik. Bu çatışmazlığı lazımi istehsal imkanlarına malik şirkətlərə lisenziyalar verməklə aradan qaldırmaq olar. Bunlara həm Avropa, həm də Ukrayna şirkətləri daxildir”, deyə Merz vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron da təsdiqləyib ki, Tramp Amerika müdafiə sənayesinin və bu cür avadanlıqların tədarük potensialının səfərbər edilməsində israr edib.

"Bloomberg" yazır ki, ABŞ bəzi silah növlərini xaricdə lisenziya əsasında istehsal etdirir. Məsələn, "Patriot" raketləri Almaniyada istehsal olunur. Lakin Vaşinqton adətən intellektual mülkiyyət hüquqları və təchizat zənciri ilə bağlı narahatlıqlara görə bu cür lisenziya sazişlərini ciddi şəkildə qoruyur.

ABŞ ehtiyatların azalacağı ilə bağlı narahatlıqlara baxmayaraq, Avropa və Kanadanın "PURL" proqramı çərçivəsində maliyyələşdirdiyi hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərməyə davam edir.

Nəşr həmçinin Fransada keçirilən G7 sammitinin Ukrayna üçün gözlənilməz uğur olduğunu qeyd edib.

“Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşüb və ABŞ da daxil olmaqla bütün müttəfiqlər müsbət məzmunlu birgə bəyanat imzalayıblar. Tramp hətta Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə hazır olduğunu ifadə edib”, deyə materialda bildirilir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova