Bakıda emalatxanada çalışan şəxsin iş yerində vəfat etməsi əmək münasibətləri və işəgötürənin məsuliyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib. İlkin ehtimala görə ölümün ürək çatışmazlığından baş verdiyi bildirilsə də, hadisənin iş vaxtı və iş yerində baş verməsi onun hüquqi qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. Belə hallarda əmək qanunvericiliyinin tələbləri və mərhumun ailəsinin hüquqları xüsusi maraq doğurur.
Hüquqşünas Müşfiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər iş yerində ölüm faktı qeydə alınırsa, ilk növbədə hadisənin başvermə səbəbləri araşdırılır:
“Ölümün istehsalat xəsarəti və ya əmək fəaliyyəti zamanı baş vermiş bədbəxt hadisə ilə əlaqəli olub-olmaması müəyyənləşdirilir. Hadisənin işçinin xidməti vəzifələrini yerinə yetirməsi ilə bağlı olmadığı ortaya çıxarsa, ölüm təbii səbəblərdən baş vermiş hesab edilir. Məsələn, işçinin ürək xəstəliyi olubsa və ya qəfil ürəyi dayanıbsa, bu halda işəgötürənin məsuliyyəti yaranmır. Belə vəziyyətlərdə hər hansı kompensasiyanın ödənilməsi məsələsi də gündəmə gəlmir”.
O qeyd edib ki, hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır:
“Araşdırma zamanı işçinin həmin iş yerində hansı əsaslarla çalışdığı, əmək müqaviləsinin olub-olmaması, əmək müqaviləsində nəzərdə tutulan iş saatlarından artıq işləyib-işləmədiyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə müvafiq təlimatlarla tanış olub-olmadığı, həmin sənədlərə imza atıb-atmadığı və digər zəruri məsələlər yoxlanılır. Əgər araşdırma nəticəsində bu istiqamətlər üzrə hər hansı pozuntu aşkar edilməzsə, cinayət işinin başlanması rədd edilir və işəgötürən hər hansı hüquqi məsuliyyət daşımır”.
Beləliklə, emalatxanada qeydə alınan qəfil ölüm faktı üzrə hüquqi məsuliyyətin müəyyənləşdirilməsi üçün prokurorluğun rəsmi ekspertiza rəyi həlledici olacaq. İstehsalat amillərinin və əmək hüququ pozuntularının aşkar edilmədiyi təqdirdə hadisə bədbəxt qəza kimi qiymətləndiriləcək.
Leyla Turan Demokrat.az


