Kriminal Özəl

"3 mərtəbə" restoranında müştəri döyüldü — Pulu verməmişdi

3 mərtəbə restoranında müştəri döyüldü — Pulu verməmişdi

Bakının Xətai rayonunda restoranda dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun S.Ə.Şirvani 2B ünvanında yerləşən “3 Mərtəbə” restoranında barın qarşısında baş verib.

Gədəbəy rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Qurbanov restoranda ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. O, vətəndaşların gözləri qarşısında aralarında yaranan mübahisə zamanı yumruq zərbələri ilə əvvəllər tanıdığı Elmana xəsarətlər yetirib.

İş üzrə izahat verən İlkin bildirib ki, təxminən 2 ildir Bakı şəhərinə işləmək üçün gəlib və ailəsi ilə birlikdə yaşayır: “Ailəyə maddi kömək etmək məqsədilə “3 Mərtəbə” restoranında ofisiant işləməyə başlamışam. Orada işçilərlə münasibətim həmişə yaxşı olub. Müştərilərə qarşı mehriban davranaraq diqqətli olmuşam”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən əvvəl işdə olarkən əvvəllər tanıdığı Elman adlı şəxs yanında bir nəfər tanımadığı şəxslə restorana gəlib və ümumi zalda oturublar:

“Elman sifarişi verdi, daha sonra həmin sifarişin ödənişini etdi. Bir müddət sonra Elman yenidən 2 bakal pivə sifariş etdi və sifarişi gətirdim. Lakin restoran bağlandığı üçün masaların üstünü təmizləyərək kassanı bağlamağa getdim.

Həmin ərəfədə başım qarışıq olduğundan onlar Elman sifarişin ödənişini etmədən getdi. Daha sonra Elmanın mobil telefon nömrəsinə zəng edib, hesabı ödəməsini xahiş etdim. Lakin o, hesabı ödədiyini, onu narahat etməməyimi tələb etdi. Ona hesab ödənilmədiyi təqdirdə həmin pulun mənim maaşımdan çıxılacağını izah etsəm də, lakin Elman məni nalayiq ifadələrlə söyərək telefonu söndürdü”.

İlkinin ifadəsinə görə, daha sonra Elman həmin şəxslə birlikdə yenidən restorana gəlib və ümumi zalda müdiri Yavərin, digər iş yoldaşlarının yanında onu nalayiq söyüşlərlə təhqir edib:

“Buna görə də əsəbləşərək yumruqla onun sol göz nahiyəsinə bir neçə zərbə endirdim. Sonra Yavər, iş yoldaşlarım və Elmanın yanında gələn tanımadığım şəxs bizi ayırdılar”.

Xətai Rayon Məhkəməsinin hökmü ilə İlkin 1000 manat miqdarında cərimə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova