Bakının Sabunçu rayonunda 39 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 8-də rayonun Sabunçu qəsəbəsində baş verib.
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Ülvi həmin gün saat 20 radələrində yaşadıqları evlərinin qonaq otağında həyat yoldaşı Vüsalənin “Tik-Tok” sosial şəbəkəsində rəy yazması səbəbindən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə bir neçə dəfə onun üz və baş nahiyələrindən vurub.
İş üzrə izahat verən Ülvinin sözlərinə görə, 2023-cü ildə Vüsalə ilə ailə həyatı qurub, bu nikahdan övladları olmasa da, hər ikisinin ilk evliliklərindən övladları olub:
“Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar müxtəlif səbəblərdən mütəmadi olaraq aramızda mübahisələr yaşandı. Aprelin 8-də, təxminən saat 20 radələrində yaşadığımız evin qonaq otağında olarkən “Tik-tok” sosial şəbəkəsinə girdim. Həmin zaman Vüsalənin də eyni sosial şəbəkədə rəy yazdığını görərək ona öz iradlarımı bildirdim. Bu zaman aramızda mübahisə yarandıqda qəzəblənərək əlim ilə onun üz və baş nahiyələrindən bir neçə dəfə zərbələr vurdum. Sonra isə evdən getdim”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


