İqtisadiyyat Özəl

Kredit borcunu gecikdirənlərin nəzərinə! — Maaşınız...

Kredit borcunu gecikdirənlərin nəzərinə! — Maaşınız...

Gecikdirilən kredit öhdəliklərinin birbaşa vətəndaşların əməkhaqqı kartlarından tutulması məsələsi son dövrlərdə ən çox müzakirə edilən mövzular sırasındadır. Bu proses həm hüquqi tərəfləri, həm də banklar tərəfindən tətbiq edilən xüsusi daxili mexanizmləri ilə diqqət çəkir. Müştərilərin və zaminlərin bank qarşısında götürdükləri öhdəliklərin icra edilməməsi, nəticədə onların şəxsi maliyyə vəsaitlərinin birbaşa idarə olunmasına yol açır.

Mövzu ilə bağlı Demokrat.az-a danışan bank eksperti Emin Kərimov kredit borcuna görə əməkhaqqından tutulma mexanizminin tamamilə şəxsin kredit götürdüyü bankdakı hesabları ilə bağlı olduğunu vurğulayıb.

Ekspert bildirib ki, şəxs əməkhaqqı kartının məxsus olduğu bankdan kredit götürdükdə müvafiq qaydalar işə düşür.

"Kredit zamanı xüsusi iltizam imzalanır. Bu sənədə görə gecikmə olarsa, bank əməkhaqqı kartına daxil olan vəsaitdən ödəniş tuta bilər. Bu ödənişə əsas borc, faizlər və cərimələr daxildir. Bank gecikmiş krediti birbaşa əməkhaqqı kartından silə bilər. Bu proses borcalanın razılığı ilə həyata keçirilir və bank üçün hüquqi əsas yaradır".

Emin Kərimovun sözlərinə görə, maliyyələşmə prosesində müştəri ilə bank arasında rəsmiləşdirilən müqavilələr gələcəkdə yarana biləcək risklərin sığortalanmasına xidmət edir.

Mütəxəssis onu da əlavə edib ki, bankların tətbiq etdiyi bu qayda təkcə əsas borcalanı deyil, həmçinin müqaviləyə qol çəkən zaminləri də birbaşa əhatə edir. Öhdəliklərin ortaq xarakter daşıması zamin duran şəxslərin də maliyyə azadlığını müəyyən dərəcədə məhdudlaşdırır.

Emin Kərimov məsələnin zaminlərlə bağlı olan hissəsini belə izah edib:

"Eyni qayda zaminlərə də şamil olunur. Zamin də həmin bankdan əməkhaqqı alırsa, o da iltizam imzalayır. Gecikmə olduqda onun əməkhaqqı kartından da tutulma edilə bilər. Adətən hansı əməkhaqqı daha tez köçürülürsə, ödəniş həmin kartdan həyata keçirilir. Bu hal zamin və borcalan arasında narazılıq yarada bilər. Lakin tərəflər bu məsuliyyəti əvvəlcədən qəbul etmiş olur. Bank isə prosesi rəsmi iltizam əsasında icra edir",- deyə o qeyd edib. Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova