Kondisionerdən istifadə zamanı elektrik enerjisinə qənaət etməyin yolları məlum olub. Yay aylarında binaların soyudulması kommunal xərclərin artmasına səbəb olur. Lakin müəyyən qaydalara əməl etməklə enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Demokrat.az xəbər verir ki, mütəxəssislər ilk növbədə temperaturun düzgün seçilməsini tövsiyə edirlər. Cihazı minimum dərəcəyə qoymaq əvəzinə optimum temperatur hesab olunan 24 dərəcədə saxlamaq lazımdır. Bu rejim həm otağı yetərincə sərinləşdirir, həm də kompressorun həddindən artıq gücə düşməsinin qarşısını alır. Eyni zamanda pərdələrin qapalı saxlanılması və otağa birbaşa günəş işığının düşməməsi də prosesə kömək edir.
Digər vacib məqam isə filtrlərin mütəmadi təmizlənməsidir. Tozla dolmuş filtrlər havanın hərəkətini çətinləşdirir və cihazın ikiqat güclə işləməsinə yol açır. İnverter mühərrikli müasir modellərə üstünlük vermək də qənaət baxımından effektiv üsullardan sayılır. Bu cür cihazlar hədəf temperatura çatdıqdan sonra tam sönmür, sadəcə sürəti azaldaraq enerjiyə qənaət edir.
Demokrat.az


