Dövlət başçısı İlham Əliyevin göstərişləri əsasında Bakıda piyada mühitinin və ictimai nəqliyyat sisteminin yenidən qurulması işləri aparılır. Paytaxtda nəqliyyat infrastrukturunun inkişafını nəzərdə tutan beşillik Dövlət Proqramına uyğun olaraq növbəti genişmiqyaslı işlərə Təbriz küçəsində başlanılır.
Demokrat.az xəbər verir ki, layihə ərazidə sakinlərin, avtobus sərnişinlərinin və alternativ nəqliyyat vasitələrindən istifadə edənlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Mütəxəssislərin apardıqları araşdırmalar Təbriz küçəsində ciddi infrastruktur problemlərinin olduğunu üzə çıxarıb. Hazırda küçənin bir çox yerində piyada səkiləri olduqca dardır. Eyni zamanda ərazidə nizamlanan keçidlərin yoxluğu sakinlərin hərəkətinə mane olur. Küçədəki mövcud yol quruluşu avtomobillərin dönmə və düzünə hərəkət axınları arasında sıxlıq yaradır. Bu vəziyyət həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətini çətinləşdirərək yolların ötürücülük imkanını zəiflədir. Həmçinin ərazidə mikromobillik vasitələri üçün heç bir xüsusi zolaq və ya şərait tapılmır.
Küçədə avtobuslardan istifadə edən sərnişinlər üçün də mühit əlverişli deyil. Dayanacaqların ətrafındakı səkilərin darlığı və lazımi avadanlıqların çatışmazlığı sərnişinlərin işini çətinləşdirir. Bəzi avtobus dayanacaqlarının yerləşmə nöqtələri də düzgün seçilməyib. Qeyd olunan problemləri həll etmək üçün Nəqliyyatı Əlaqələndirmə Şurası Təbriz küçəsində yenidənqurma işlərinin aparılması barədə xüsusi qərar qəbul edib.
Yeni plana əsasən "Nəriman Nərimanov" metro stansiyasının yaxınlığında kiçik avtobus mübadilə mərkəzi fəaliyyətə başlayacaq. Metro ətrafındakı sıxlıq nəzərə alınaraq yeni piyada keçidləri salınacaq və fasiləsiz gediş-gəliş şəraiti yaradılacaq. Küçənin xiyaban hissəsindəki səkilər genişləndirilərək piyadaların ixtiyarına veriləcək. Bakı Konqres Mərkəzinin ətrafında isə təhlükəsiz keçidlər qurulacaq, yaşıllıq zolaqları salınacaq və nizamlı parklanma yerləri təşkil ediləcək. Bu dəyişikliklər Təbriz küçəsini müasir şəhər standartlarına uyğun və təhlükəsiz məkana çevirəcək.








Demokrat.az


