Maraqlı Özəl

Tikintidə inqilab: Gənc mühəndis maqnitli sement hazırladı

Tikintidə inqilab: Gənc mühəndis maqnitli sement hazırladı

Cəmi bir neçə onillik ərzində ciddi dəyişiklik yaşamayan tikinti sahəsində inqilab yarada biləcək yeni texnologiya təqdim olunub.

Demokrat.az xəbər verir kiƏ, 29 yaşlı argentinalı ixtiraçı Marko Auqustin Sekki “Ironplac” adlı tikinti materialı hazırlayıb. Bu material adi divarları maqnit səthinə çevirməyə imkan verir.

İxtiraçının sözlərinə görə, texnologiya evlərdə, ofislərdə və digər məkanlarda təmir və interyer təşkilini xeyli asanlaşdıra bilər. “Ecoticias”ın yazdığına görə, “Ironplac”ın əsas xüsusiyyəti onunla örtülmüş divarlara mıx, şurup və ya deşik açmağa ehtiyac olmadan maqnit vasitəsilə əşyaların bərkidilməsidir. Bu, rəsmlərin, alətlərin, rəflərin və digər interyer elementlərinin divara zərər vermədən asanlıqla yerini dəyişməyə imkan verir.

Layihə müəllifi ideyanın insanların məkan dəyişiklikləri və interyer yenilənməsi zamanı tez-tez divarları deşməsi, toz və izlərin qalması kimi problemdən yarandığını bildirib. “Ironplac” bu problemin aradan qaldırılmasını hədəfləyir.

Layihə təsvirinə əsasən, material dəmir tərkibli və mineral dolduruculardan ibarət xüsusi qarışıqdır. Səthə çəkildikdən sonra adi divar görünüşünü saxlayır, lakin maqnit əsaslı əşyaları saxlamaq qabiliyyətinə malik olur.

Eyni zamanda vurğulanır ki, söhbət elektriklə işləyən və ya daim maqnitləşdirilmiş səthdən getmir. Divar yalnız maqnitlə təmas zamanı funksional olur və təsadüfi metal əşyaları cəzb etmir.

Mütəxəssislərin fikrincə, bu texnologiya təkcə ev sahibləri üçün deyil, ümumilikdə tikinti sənayesi üçün də maraqlı ola bilər. Daha çevik interyer həlləri təmir işlərini və tikinti tullantılarını azalda bilər.

Hazırda “Ironplac” sınaq mərhələsindədir və satışa çıxarılmayıb. Marko Sekkinin sözlərinə görə, formul beynəlxalq patent qeydiyyatından keçir və texnologiya artıq pilot tikinti layihələrində nümayiş etdirilir.

Bununla belə, kütləvi tətbiqdən əvvəl materialın uzunmüddətli dayanıqlılığı, rütubətə reaksiyası, rəngləmə və daimi istifadə zamanı davranışı kimi məsələlər araşdırılmalıdır.

Əgər sınaqlar uğurlu olarsa, ekspertlər hesab edir ki, divarlara hər dəfə yeni şəkil və ya rəf asmaq üçün deşik açmaq vərdişi yaxın gələcəkdə keçmişdə qala bilər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova