Rəng seçimi təsadüfi deyil və insanın sevdiyi rəng onun şəxsiyyət xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər.
Demokrat.az xəbər verir ki, psixologiya üzrə ekspert Mişel Lüis “Parade” nəşrinə verdiyi müsahibədə rəng seçimlərinin insanın emosional təcrübəsi, tərbiyəsi, mədəniyyəti və ətraf mühiti ilə əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, rənglər insanın dünyanı necə qavradığını, enerjisini və hətta liderlik və ya daha sakit xarakterə sahib olub-olmadığını göstərə bilər. Ümumilikdə rəng seçimləri “A tipi” və “B tipi” şəxsiyyət xüsusiyyətləri ilə əlaqələndirilir.
A və B tipi şəxsiyyətlər arasındakı fərq
A tipi insanlar daha rəqabətcil, məqsədyönlü və liderlik yönümlü olur. Onlar təzyiq altında daha yaxşı işləyir, təşəbbüs göstərir və səmərəsizliyə qarşı dözümsüz ola bilirlər. Lakin bu tipdə olan insanlarda emosional gərginlik, yorğunluq və həddindən artıq yüklənmə riski də daha yüksək ola bilər.
B tipi insanlar isə daha sakit, müşahidəçi və intuitivdir. Onlar qərar verməzdən əvvəl düşünməyə üstünlük verir, tələskən davranmır və daha çox əməkdaşlığa meylli olurlar. Bu insanlar adətən ətrafdakıları diqqətlə dinləyir və sabitləşdirici rol oynayırlar.
A tipi ilə əlaqələndirilən rənglər
Qırmızı
Psixoloq Mişel Lüisə görə qırmızı rəng güc, enerji, ehtiras və hərəkət simvoludur. Bu rəngi sevən insanlar adətən məqsədyönlü və aktiv olur.
Tünd bənövşəyi
Bu rəngi sevənlər öz fikirlərini açıq şəkildə müdafiə edən, prinsipial və güclü mövqeyə sahib insanlardır.
Sarı
Sarı rəngi sevənlər enerjili, ünsiyyətcil və gələcəyə yönəlmiş olurlar. Lakin onlar üçün əsas çətinlik həddindən artıq yüklənmənin qarşısını almaqdır.
B tipi ilə əlaqələndirilən rənglər
Mavi
Mavi rəng introspektiv, sakit və düşüncəli insanlarla əlaqələndirilir. Bu tip insanlar danışmazdan əvvəl düşünürlər.
Yaşıl
Yaşıl rəngi sevənlər etibarlı, dəstəkləyici və balans yaradan şəxslər kimi xarakterizə olunur. Onlar ətrafdakıların rifahını ön planda tuturlar.
Narıncı
Narıncı rəngi sevənlər oynaq, ünsiyyətcil və pozitiv enerji daşıyan insanlardır. Onlar daha çox isti və açıq sosial mühit yaradırlar.
Mütəxəssislərə görə rəng seçimləri insan xarakterinin tam və qəti göstəricisi olmasa da, psixoloji meyllər barədə əlavə ipucları verə bilər.
Jalə Demokrat.az


