Paytaxt yollarında sürücülərin yol hərəkəti qaydalarına laqeyd yanaşması növbəti dəfə zəncirvari qəza ilə nəticələnib. Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərib ki, təhlükəli manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması və dönmə işığından yanlış istifadə ciddi nəticələrə səbəb ola bilir. Bəzi sürücülər dönmə işığını yandırmağı yolda üstünlük hüququ kimi qəbul edirlər. Halbuki qanunvericiliyə əsasən, dönmə işığı yalnız xəbərdarlıq xarakteri daşıyır və digər hərəkət iştirakçılarına qarşı üstünlük vermir. Manevr edən sürücü təhlükəsizlik qaydalarına əməl etməli, digər nəqliyyat vasitələrinə maneə yaratmamalıdır. Təəssüf ki, bəzi sürücülərin məsuliyyətsiz davranışı bir anda 4-5 avtomobilin iştirakı ilə baş verən qəzalarla nəticələnir və həm insanların həyatını təhlükəyə atır, həm də yollarda ciddi sıxlıq yaradır.
Keçmiş müstəntiq, hüquqşünas Müşfiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, bir sürücünün qayda pozuntusu nəticəsində 5-6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verir:
“Belə hallarda əsas məsələ həmin şəxsin təqsirinin olub-olmamasının müəyyən edilməsidir. Bu məsələni isə məhkəmə avtotexniki ekspertizasının rəyi müəyyən edir. Əgər avtotexniki ekspertiza rəy verərsə ki, sürücü “Yol hərəkəti haqqında” qanunun tələblərini pozaraq hadisəyə səbəb olub, həmin şəxs məsuliyyət daşıyır. Bu məsuliyyət həm maddi, həm də hadisənin nəticəsindən asılı olaraq cinayət məsuliyyəti ola bilər. Əgər qəza nəticəsində digər avtomobildə olan şəxslər az ağır və ya ağır xəsarət alıblarsa, yaxud ölüm halı baş veribsə, bu zaman sürücü cinayət məsuliyyətinə cəlb oluna bilər. Yox əgər hadisə nəticəsində xəsarət alan olmayıbsa, bu halda sürücü digər avtomobillərə vurduğu maddi ziyana görə mülki hüquqi məsuliyyət daşıyır. Ancaq bütün hallarda ilk növbədə məhkəmə avtotexniki ekspertizasının rəyi həmin şəxsin təqsirli olub-olmadığını müəyyən etməlidir”.
@anz.az_Hərəkətin intensiv olduğu yolda sürəti azaldıb təhlükəli manevr edən və düzgün ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb oldu Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu yol-nəqliyyat hadisəsinə baxan hər bir sürücü bilməlidir ki, dönmə işığının yandırılması xəbərdarlıq üçündür, yollarda üstünlük qazandırmır. Təəssüflər olsun ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Bu cür düşüncə ilə hərəkəti davam etdirmək isə yollarda təhlükəli vəziyyətin, qəza şəraitinin yaranmasına səbəb olur. Sürücülərə tövsiyə olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salsınlar. Qanun tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.
♬ orijinal səs - anz.az
Leyla Turan Demokrat.az


