Yüksək intellekt insanı avtomatik olaraq ünsiyyət üçün asan və xoş bir şəxs etmir. Çox vaxt əksinə də olur.
Demokrat.az xəbər verir ki, sosial münasibətlər üzrə diplomlu ekspert Zaida Slabbekkorn “Yourtango” üçün yazdığı məqalədə yüksək intellektə malik insanların ətrafdakılarda narahatlıq yarada bilən 9 davranış xüsusiyyətini sadalayıb.
Müəllifin qeyd etdiyinə görə, bu insanlar çox vaxt pis niyyətlərinə görə yox, fərqli düşüncə tərzinə görə anlaşılmazlıqla üzləşirlər. Bu düşüncə tərzi isə çox zaman qəbul olunmuş sosial normalardan fərqlənir.
Narahat sükutu doldurmağa tələsmirlər
Məqalədə bildirilir ki, yüksək IQ sahibi insanlar söhbətdə yaranan pauzalardan narahat olmurlar. Onlar bu sükutu düşünmək, özünü tənzimləmək və qarşı tərəfi daha diqqətlə dinləmək üçün istifadə edirlər. Lakin bir çox insan bunu soyuqluq və ya təkəbbür kimi qəbul edir.
Səthi söhbətlərdən qaçırlar
İntellektual insanlar adətən “xırda söhbətlər”i mənasız hesab edir və daha dərin mövzulara keçməyə üstünlük verirlər. Bu isə sosial ünsiyyətin ənənəvi axınını pozduğu üçün qarşı tərəfdə qəribəlik və uzaqlaşma hissi yarada bilər.
Soruşulmamış məsləhət verirlər
Yüksək intellekt çox vaxt analitik düşüncə ilə birlikdə olur. Buna görə də belə insanlar emosional dəstək əvəzinə tez-tez problemin həllini təklif edirlər. Bu isə sadəcə danışmaq istəyən insan üçün uyğun olmaya bilər.
Gələcəyi əvvəlcədən görürlər
Bata Universitetinin araşdırmalarına istinadən qeyd olunur ki, yüksək IQ sahibi insanlar bəzi hallarda hadisələri daha dəqiq proqnozlaşdıra bilirlər. Bu bacarıq faydalı olsa da, digərləri üçün xoşagəlməz ola bilər.
Stereotipləri pozurlar
Kütləvi mədəniyyət “çox ağıllı insan” barədə dar bir təsəvvür formalaşdırıb. Bu çərçivəyə uyğun gəlməyən, amma yüksək intellekt göstərən insanlar digərlərində təəccüb yaradır.
Mürəkkəb şeyləri sadələşdirirlər
İntellektual insanların çətin mövzuları sadə dildə izah etməsi bir üstünlükdür. Amma bəziləri bunu yuxarıdan baxmaq kimi qəbul edə bilər.
Hamıya xoş görünməyə çalışmırlar
Belə insanlar dedi-qoduya qoşulmur, formal sosial davranışları sadəcə razılıq üçün yerinə yetirmirlər. Bu isə onları bəzən “uzaq” göstərir.
Nadir hallarda kompromisə gedirlər
Bəzi yüksək intellektli insanlar sosial harmoniyadan çox məntiqə üstünlük verə bilirlər və öz fikirlərində israr edirlər.
“Yox” deməkdən çəkinmirlər
Onlar öz sərhədlərini daha yaxşı bildikləri üçün istəklərə daha rahat “yox” deyirlər. Amma bu davranış bəzən təkəbbür kimi qəbul edilir.
Jalə Demokrat.az


