Adi mal əti kotleti artıq dünyanın müxtəlif yerlərində kulinariya eksperimentlərinin əsas mövzusuna çevrilib. Lakin "Time Out" tərəfindən hazırlanan dünyanın ən yaxşı burgerləri siyahısı göstərib ki, müasir aşpazlar fastfudu yüksək qastronomiya sənətinə çevirə bilirlər.
Demokrat.az xəbər verir ki, siyahıda müxtəlif variantlar yer alıb – qrüyer pendirli pretzel bulkalarından tutmuş krevet və şirin-turş souslu burgerlərə qədər. Bununla belə, birinci yer Yaponiyanın payına düşüb.
Dünyanın ən yaxşı burgeri Tokiodakı "Smash Things" restoranının "Triple Bacon Cheese Classic Smash Burger"i seçilib. Yemək üç ədəd Yapon qara vaqyu mal ətindən hazırlanmış kotletdən ibarətdir. Kotletlər yüksək temperaturda qızardılaraq xırtıldayan qat əldə edir. Aralarına bekon, soğan və Amerika çedder pendiri əlavə olunur və hər şey yumşaq süd bulkasında təqdim edilir.
"Time Out Tokyo" redaktoru Kayla İmada bildirir ki, Tokioda çox sayda yaxşı burger restoranı olsa da, Komadzava-Daigaku rayonundakı "Smash Things" şəhərin ən dadlı smash burgerlərini təqdim edir. Onun sözlərinə görə, resept sadədir və əsas məqsəd ətin keyfiyyətini ön plana çıxarmaqdır: soğan, "thousand island" üslubunda xüsusi sous, pendir və seçimə görə adi süd bulkası və ya qara bulka.
Dünya reytinqində ikinci yeri Keyptaundakı "Zuney Wagyu Burgers" restoranının "Classic Zuney Burger"i, üçüncü yeri isə Madriddəki "Nolita Burger" restoranının "Nolita Burger"i tutub.
Jalə Demorat.az


