Çinin ən qərb bölgələrindən biri olan Sintszyanda dünyanın ən qeyri-adi çaylarından biri axır.
Demokrat.az xəbər verir ki, Hotan çayı adlanan bu su hövzəsi tərkibindəki qiymətli nefrit daşları ilə məşhurdur və illərdir xəzinə axtaranların diqqət mərkəzindədir.
Nefritlə zəngin çay
“IFL Science” nəşrinin yazdığına görə, Ağ nefrit və Qara nefrit çaylarının birləşməsi nəticəsində yaranan Hotan çayı Takla-Makan səhrasının yaxınlığında yerləşir. Bu bölgə həm coğrafiyası, həm də mədəni müxtəlifliyi ilə Çinin digər ərazilərindən ciddi şəkildə fərqlənir.
Sintszyan ərazisi Fransa, Almaniya və İspaniyanın ümumi sahəsindən daha böyükdür. Bölgənin böyük hissəsini isə Takla-Makan səhrası əhatə edir.
Nefrit Çində niyə bu qədər qiymətlidir?
Çin mədəniyyətində nefrit min illərdir xüsusi dəyərə malik daş hesab olunur. Qədim dövrlərdən etibarən bu daş zənginlik, hikmət, saflıq və xoşbəxtlik simvolu sayılıb.
Britaniya Gemologiya Assosiasiyasının mütəxəssisi Cülyett Hibunun sözlərinə görə, Çin mədəniyyətində nefritin insanı pislikdən və uğursuzluqdan qoruduğuna inanılır.
Arxeoloqlar eramızdan əvvəl III minilliyə aid nefritdən hazırlanmış bəzək əşyaları və qablar aşkar ediblər. İmperiya dövründə isə nefrit “kralların daşı” kimi tanınıb.
Hazırda yalnız Çində nefrit bazarının dəyərinin təxminən 30 milyard dollar olduğu bildirilir.
Bir daş milyonlarla dollar qazandıra bilər
Hotan çayının əsas özəlliyi onun sularında çoxlu nefrit parçalarının olmasıdır. Yerli sakinlər illərlə çay yatağında bu qiymətli daşları axtarıb.
2008-ci ildə Hotanda nefrit axtaran Mehmet Misrah bildirib ki, bəzən gün ərzində təxminən 10 ədəd daş tapmaq mümkün olur: “Ən keyfiyyətli daşların qiyməti 1 milyon yuana qədər yüksələ bilər. Belə daş tapan insanlar işi dayandırıb Məkkəyə ziyarətə gedirlər”.
Nefrit “qızdırması”
Maraqlıdır ki, uzun illər ərzində Hotan çayı Çinin digər bölgələrində demək olar tanınmayıb. Bunun əsas səbəbi bölgədə yaşayan uyğur türklərinin nefritə xüsusi maraq göstərməməsi olub.
2010-cu ildə Hotan bazarında çalışan nefrit satıcısı Yasen Ahmat belə deyib: “Nefrit bizim mədəniyyət üçün xüsusi məna daşımır. Amma çinlilərin ona vurğun olmasına görə Allaha şükür edirik”.
Lakin ölkənin şərq hissəsində yaşayan insanların bu yataqlardan xəbər tutmasından sonra bölgədə əsl “nefrit qızdırması” başlayıb. Daşların qiyməti qısa müddətdə 10 dəfə artıb və bəzi nümunələr qram hesabı ilə qızıldan daha bahalı olub.
Ekoloji təhlükə və qadağalar
Nefritə marağın sürətlə artması nəticəsində çay ətrafındakı yataqlar intensiv şəkildə qazılmağa başlayıb. Vaxt keçdikcə iri daşlar, daha sonra isə kiçik parçalar belə azalmağa başlayıb.
Ağır texnikanın bölgəyə gətirilməsi ətraf mühitə ciddi ziyan vurduğundan, 2007-ci ildə Sintszyan hakimiyyəti bütün mədən lisenziyalarını ləğv edib və Hotan çayı boyunca kommersiya məqsədli nefrit çıxarılmasını qadağan edib.
Rəsmilər bildiriblər ki, təbiətin bərpasından sonra hasilat yalnız daha “qanuni və nizamlı” şəkildə davam etdirilə bilər.
Jalə Demokrat.az


