Azərbaycan və Gürcüstan arasında sərnişinlərin ən çox gözlədiyi gediş-gəliş məsələsi nəhayət həllini tapıb. Mayın 25-i gecə saatlarından etibarən qonşu ölkəyə dəmiryolu ilə səfər etmək mümkün olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, mayın 25-i saat 00:00-dan etibarən Azərbaycan vətəndaşları, həmçinin ölkəyə vizasız gəlmək hüququ olan bütün xarici ölkə vətəndaşları dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycanla Gürcüstan arasında gediş-gəliş edə bilərlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun həll etməli öhdəliyini daşıyır.
Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa edilir. Dəmiryolu qurumlarının ilkin razılaşmasına görə, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da hərəkətə başlayaraq növbəti gün saat 06:24-də Bakıya çatacaq.
Demokrat.az


