Azərbaycanda ali məktəblərə qəbul qaydalarında ciddi islahatların aparılması və imtahan modelinin sadələşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən müzakirə edilən təkliflər arasında abituriyentlərin gələcəkdə yalnız seçdikləri ixtisasın əsas fənlərindən imtahan verməsi variantı da yer alır. Hazırkı iki mərhələli sistemin gənclər üzərində yaratdığı psixoloji və fiziki yükün azaldılması bu dəyişikliklərin əsas hədəfi kimi göstərilir. Yeni modelə keçid həm qəbul prosesini beynəlxalq standartlara uyğunlaşdıracaq, həm də tələbələrin birbaşa öz sahələrinə fokuslanmasına şərait yaradacaq. Rəsmi qurumların bu inqilabi dəyişikliklə bağlı yekun qərarı və tətbiq müddəti isə artıq ictimaiyyət tərəfindən böyük maraqla gözlənilir.
Məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlama verib. O bildirib ki, abituriyentlər ali təhsil müəssisəsinə hazırlaşarkən, onların həm dərs yükünün azalması, həm də ailənin maliyyə yükünün yüngülləşməsi üçün konkret iki-üç fənn müəyyənləşdirilməlidir:
“Onlar da bu fənlər üzrə imtahan verib qəbul ola bilsinlər. Amma hazırda vəziyyətə baxsaq, abituriyentlər minimum altı, maksimum isə yeddi fənn üzrə imtahan verirlər. Bu da, təbii ki, həm ailələrin ciddi maliyyə yükü ilə üzləşməsinə, həm də abituriyentlərin dərs yükünün artmasına səbəb olur. Ona görə də qəbul imtahanlarının formatında müəyyən dəyişikliklər edilməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır ki, abituriyentlərin dərs yükü azalsın. Eyni zamanda ali təhsil müəssisələrinə qəbul prosesi daha əlçatan və asan olmalıdır. Ali təhsil müəssisəsinə qəbul asanlaşmalı, amma həmin təhsil müəssisəsini bitirmək çətinləşdirilməlidir. Dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində bu prinsip tətbiq olunur. Hətta qardaş ölkə Türkiyə və Gürcüstanda da vəziyyət belədir. Universitetə qəbul nisbətən əlçatandır, amma məzun olmaq çətindir. Biz də bu prinsipi tətbiq etməliyik ki, əmək bazarına ixtisaslı kadr çıxarmaq istəyiriksə, universitet təhsili daha önəmli və keyfiyyətli olmalıdır. Universitetə qəbulu isə daha əlçatan etməliyik. Amma fənn sayının çoxluğu nə ilə nəticələnir? Bu, abituriyentlərdə həyəcan və stress yaradır”.
O qeyd edib ki, eyni zamanda valideynlərə, müəllimlərə və repetitorluğun geniş yayılmasına da şərait yaradır:
“Bununla yanaşı, ailələrin ciddi maliyyə yükü altına düşməsinə səbəb olur. Bir valideyn övladını ikinci və ya üçüncü ixtisas qrupu üzrə hazırlaşdırır. Abituriyent altı-yeddi fəndən hazırlığa gedir və hər bir fənn üzrə aylıq minimum 80-100 manat, bəzi hallarda isə 150-200 manata qədər ödəniş edilir. Nəticədə ailə minimum 400-500 manat, bəzi hallarda isə 1000-1500 manata qədər aylıq xərc çəkməli olur. Bütün bunlar yalnız hazırlıq üçün edilir. Fənlərin sayının minimallaşdırılması ilə həm ailələrin maliyyə yükünü azaltmaq, həm də abituriyentlərin dərs yükünü yüngülləşdirmək mümkün olar. Bu istiqamətdə veriləcək qərar həm təhsil sistemi, həm də ailələr üçün daha faydalı nəticələr verə bilər”.
Leyla Turan Demokrat.az


