Bir vaxtlar yol qəzalarından sonra sürücülər arasında yaşanan kəskin mübahisələr və hadisə yerində tərəflərin bir-birinə təzyiq göstərməsi gündəlik həyatın adi mənzərəsi idi. İcbari sığorta sisteminin tətbiqi bu xaotik vəziyyəti tənzimləyərək, yaranmış maddi zərərin hüquqi müstəvidə həllinə şərait yaratdı. Lakin zaman keçdikcə sistemin bəzi boşluqlarından yararlanan şəxslər sığorta şirkətlərindən qanunsuz ödəniş almaq üçün müxtəlif fırıldaq üsullarına əl atmağa başladılar. Süni şəkildə törədilən qəzalar və köhnə zədələrin yeni hadisə kimi təqdim edilməsi halları sektorda ciddi maliyyə itkilərinə və etimadsızlığa yol açdı. Bu mənfi meyillərin qarşısını almaq məqsədilə dövlət tərəfindən sığorta qaydalarında köklü dəyişikliklərin edilməsi qərara alındı. Yeni tətbiq edilən rəqəmsal nəzarət mexanizmləri və bonus-malus sistemi sayəsində hər bir sürücünün qəza tarixçəsi artıq vahid mərkəzdən izlənilir. Beləliklə, şəffaflığın artırılması həm dürüst sürücülərin hüquqlarını qoruyur, həm də sığorta bazarında manipulyasiya imkanlarını minimuma endirir.
Mövzu ilə bağlı Demokrat.az-a danışan sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, qaydaların dəyişməsinin səbəbi fırıldaq hallarından daha çox zərərin artmasıdır:
“Zərərin kifayət qədər yüksək olması, yəni əhəmiyyətli dərəcədə artması nəticəsində bəzi sığorta şirkətləri bu növ üzrə fəaliyyət göstərməkdən imtina etdilər. Hətta könüllü şəkildə lisenziyalarından imtina edərək bildirdilər ki, bu növ sığortanı satmaq istəmirlər. Buna görə tənzimləyici qurumlar Mərkəzi Bank və İcbari Sığorta Bürosu məcbur qaldı ki, əhali sığortasız qalmasın deyə sığorta qiymətlərində yeni bonus-malus əmsalı tətbiq etdilər. Burada qiymət artıq tək bir neçə amilə görə deyil, səkkiz müxtəlif amil əsasında formalaşır. Nəticədə isə qiymətlər əhəmiyyətli dərəcədə artıb. Son olaraq, taksi fəaliyyəti ilə məşğul olanlar üçün əlavə bonus-malus əmsalı da tətbiq edildi”.
O deyib ki, çünki bu sahədə zərər səviyyəsi daha yüksəkdir:
“Hazırda isə 20 gündən bir 50 manat cərimənin tətbiqi nəticəsində Azərbaycanda icbari sığortası olmayan avtomobil demək olar ki, qalmayıb. Yalnız çox az sayda nəqliyyat vasitəsi var ki, bunlar əsasən taksi fəaliyyəti ilə məşğul olan “Prius” markalı avtomobillərdir. Sığorta haqları 500-600 manat olduğu üçün bəzi sürücülər sığorta etmək əvəzinə hər 20 gündən bir 50 manat cərimə ödəməyi üstün tuturlar. Ümumilikdə isə demək olar ki, Azərbaycanda sığortasız nəqliyyat vasitəsi qalmayıb. İcbari avtosığorta bazarının əhatə dairəsi 100 faizə yaxındır”.
Leyla Turan Demokrat.az


