Media Özəl

"2020-ci ildən sonra regionda tamamilə yeni mərhələ başlayıb"

2020-ci ildən sonra regionda tamamilə yeni mərhələ başlayıb

“Prezident İlham Əliyevin çıxışlarında diqqət çəkən əsas məqamlardan biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti və regionda yaranmış yeni reallıqlarla bağlıdır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, artıq Minsk qrupu barədə ciddi və real nəticə verən mexanizm kimi danışmaq çətindir. Çünki uzun illər ərzində bu format münaqişənin həllinə deyil, faktiki olaraq onun uzanmasına xidmət edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq vasitəçilik mexanizmlərinə ümid bəsləyirdi. Həmin dövrdə ölkəmiz ATƏM-ə sonradan ATƏT-ə çevrilən quruma müraciət etmişdi. Məqsəd aydın idi. Azərbaycanın üzləşdiyi təhlükələrin qarşısının alınması, işğal faktının aradan qaldırılması və ədalətli həllin tapılmasıdır”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, o dövrdə cəmiyyətdə də belə bir inam var idi ki, beynəlxalq təşkilatlar regionda sülhün təmin olunmasına real töhfə verəcək:

“Lakin illər keçdikcə aydın oldu ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində effektiv nəticə ortaya qoya bilmədi. Əksinə, uzun müddət davam edən nəticəsiz danışıqlar həm Azərbaycan, həm də Ermənistan üçün gərginliyi dərinləşdirən amilə çevrildi. Münaqişə dondurulmuş vəziyyətdə saxlanıldı və beynəlxalq vasitəçilik prosesi real nəticədən uzaq qaldı. Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, artıq regionda yaranmış yeni siyasi reallıq Azərbaycan dövləti tərəfindən formalaşdırılıb. Azərbaycanın suverenliyinə qarşı qurulmuş bütün mexanizmlər və təzyiq alətləri ölkəmizin siyasi iradəsi nəticəsində aradan qaldırılıb. 2020-ci ildən sonra isə regionda tamamilə yeni mərhələ başlayıb. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan yalnız qarşısındakı düşmənlə deyil, eyni zamanda onun arxasında dayanan siyasi və geosiyasi qüvvələrlə də mübarizə aparmalı olub. Buna baxmayaraq, Azərbaycan öz qətiyyəti, milli birliyi və güclü siyasi rəhbərliyi ilə bütün təzyiqlərin qarşısında dayanmağı bacardı”.

O qeyd edib ki, bu, təkcə hərbi deyil, həm də siyasi və diplomatik baxımdan böyük uğur kimi qiymətləndirilir:

“Prezident İlham Əliyevin çıxışlarında mühüm məqamlardan biri də Türkiyə-Azərbaycan qardaşlığına qarşı yönələn təxribat cəhdləri ilə bağlıdır. Dövlət başçısı vurğulayır ki, bəzi dairələr regionda yeni gərginlik yaratmağa, iki qardaş ölkənin münasibətlərinə kölgə salmağa çalışırlar. Belə həssas şəraitdə medianın rolu xüsusilə böyükdür. Azərbaycan mediası bu məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməli, dezinformasiyalara qarşı operativ və peşəkar yanaşmalıdır. Medianın əsas vəzifələrindən biri cəmiyyətdə sağlam informasiya mühiti formalaşdırmaq, milli maraqları qorumaq və sülh çağırışlarını gücləndirməkdir. Bu yanaşma həm dövlət maraqları, həm də media etikasının prinsipləri ilə tam uyğunluq təşkil edir. Bu gün Azərbaycan regionda yeni təhlükəsizlik modelinin və əməkdaşlıq mühitinin formalaşmasında aktiv rol oynayır. Prezident İlham Əliyevin çıxışları da göstərir ki, ölkənin əsas məqsədi bölgədə davamlı sabitlik, güclü dövlətçilik və milli maraqların qorunmasıdır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova