Media Özəl

"Azərbaycan mediası cəmiyyətdə sülh, sabitlik və milli həmrəylik ideyalarının təbliğatçısı olmalıdır"

Azərbaycan mediası cəmiyyətdə sülh, sabitlik və milli həmrəylik ideyalarının təbliğatçısı olmalıdır

“Bu gün dünyanın ən çox ehtiyac duyduğu əsas dəyərlərdən biri sülhdür. Müasir dövrdə davam edən müharibələr, geosiyasi gərginliklər və humanitar böhranlar fonunda sülh anlayışı beynəlxalq münasibətlər sistemində ən vacib məsələyə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin Heydər Əliyevin anım günündə Zəngilanda vətəndaşlarla görüşü zamanı verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır”.

Demokrat.az xəbər verir ki, bunu MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün ardıcıl siyasət həyata keçirir:

“Prezident qeyd etdi ki, Azərbaycan öz gücünə regionda yeni reallıq yaradıb və bu reallığın əsas məqsədi davamlı sülhün təmin edilməsidir. Onun sözlərinə görə, ölkəmiz sülhü yalnız siyasi şüar kimi səsləndirmir, eyni zamanda praktik addımlarla bunu nümayiş etdirir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan regionda öz imkanları hesabına sülhə nail olan nadir ölkələrdən biridir və bu model artıq beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Dövlət başçısının çıxışları təkcə yerli mediada deyil, qlobal informasiya məkanında da ciddi rezonans doğurur. Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq ekspertlər və siyasi dairələr tərəfindən də müzakirə olunur. Prezidentin mesajlarında xüsusi diqqət çəkən məqamlardan biri medianın üzərinə düşən məsuliyyətlə bağlı idi. Dövlət başçısı vurğuladı ki, belə həssas dövrdə medianın rolu olduqca böyükdür. Azərbaycan mediası cəmiyyətdə sülh, sabitlik və milli həmrəylik ideyalarının təbliğatçısı olmalıdır. Bu yanaşma həm jurnalistikanın peşə prinsipləri, həm də media etikasının əsas tələbləri ilə tam şəkildə uzlaşır. Eyni zamanda Prezident çıxışında uzun illər fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunaraq bildirdi ki, həmin qurumun fəaliyyəti real sülh prosesinə xidmət etmədi. Əksinə, illərlə davam edən nəticəsiz danışıqlar regionda münaqişənin dondurulmasına səbəb olmuşdu. Azərbaycan isə öz siyasi iradəsi və qətiyyəti ilə yeni mərhələ formalaşdıraraq regionda dayanıqlı sülh gündəliyi yaradıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə təkcə enerji və iqtisadi layihələri ilə deyil, eyni zamanda sülh təşəbbüsləri ilə də seçilir. Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın əsas prioriteti regionda davamlı sabitlik, əməkdaşlıq və təhlükəsiz gələcəyin təmin olunmasıdır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova