ABB Özbəkistan bazarına nəhəng investisiya ilə daxil olur. Ölkənin ən iri bankı olan ABB qonşu regionda strateji genişlənmə planını rəsmiləşdirib.
Demokrat.az xəbər verir ki,Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bildirib ki, Özbəkistanın "Davr Bank"ının nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Səhmdarların qərarına əsasən bankın 51 faizlik hissəsi ABB-nin mülkiyyətinə keçəcək. Sövdələşmədən sonra maliyyə qurumu Özbəkistanda "ABB-Davr" brendi altında fəaliyyətini davam etdirəcək.

Abbas İbrahimov bu addımı bankın coğrafi genişlənmə hədəfi kimi qiymətləndirib. Onun sözlərinə görə, artıq 100 milyon dollar məbləğində yatırım edilib. Aktivləri 1 milyard dollara yaxın olan "Davr Bank"ın 1,4 milyon müştərisi və geniş filial şəbəkəsi var. ABB rəhbəri bu əməkdaşlığın gələcəyinə inandığını qeyd edib.
"Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik. Ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda təmsil olunmağa başlayacaq. Biz eyni strateji baxışı paylaşırıq".
Konfransda həmçinin bankın maliyyə uğurları və dividend siyasəti barədə məlumat verilib. ABB 2025-ci ilin yekunlarına görə səhmdarlarına 200 milyon manat dividend ödəyəcək. Bu məbləğin 184 milyon manatı dövlət büdcəsinə, qalan hissəsi isə fərdi səhmdarlara yönəldiləcək. Bankın səhmlərinin gəlirlilik göstəricisi 15,6 faizə çatıb. Sədr vurğulayıb ki, son illər ərzində ABB müxtəlif ödənişlər və vergilər şəklində dövlətə 2 milyard manat vəsait qazandırıb. Hazırda əsas diqqət Özbəkistandakı rəsmiləşdirmə proseslərinin maksimum sürətlə tamamlanmasına yönəlib.
Demokrat.az


