Siyasət Özəl

"Avropa Parlamenti hər zaman Azərbaycana qarşı anti-mövqe sərgiləyib"

Avropa Parlamenti hər zaman Azərbaycana qarşı anti-mövqe sərgiləyib

"Avropa Parlamenti hər zaman Azərbaycana qarşı anti-mövqe sərgiləyib. Bu yeni məsələ deyil, uzun illərdir davam edir"

Bunu politoloq Asif Nərimanlı Demokrat.az-a söyləyib.

"Avropa Parlamenti hər zaman Azərbaycana qarşı anti-mövqe sərgiləyib. Bu yeni məsələ deyil, uzun illərdir davam edir. Xüsusən Qarabağ məsələsində bunu daha açıq şəkildə görmüşük. Qarabağ torpaqlarının işğal altında olduğu dövrdə də, İkinci Qarabağ müharibəsi zamanı da, 44 günlük müharibədən sonrakı dövrdə də bu qurumun daha çox erməni mövqeyi və maraqlarından çıxış etdiyi müşahidə olunub.

Bu isə səbəbsiz deyil. Avropa Parlamenti əslində öz funksiyasından kənar fəaliyyət göstərən quruma çevrilib. Bu struktur faktiki olaraq lobbi qruplarının təsiri altındadır. Xüsusilə erməni diasporu və lobbisi həm Qarabağ məsələsində, həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Ermənistan-Türkiyə münasibətlərində Avropa Parlamentindən öz siyasətlərinin aləti kimi istifadə ediblər. Bunun qarşılığında isə qurum üzvlərinə müxtəlif formalarda ödənişlər və hədiyyələr verildiyi iddia olunur. Bu da Avropa Parlamentində təmsil olunan deputatların bir hissəsinin korrupsiya ilə əlaqələndirilməsinə əsas verir".

Politoloq deyib ki, bu fikirlər təkcə mediada yayılan məlumatlara deyil, bəzi araşdırmalara da əsaslanır:

"Aparılan araşdırmalara görə, Avropa Parlamentində təmsil olunan deputatların bir hissəsi özəl şirkətlərlə əlaqələr qurur və müxtəlif ianələr adı altında vəsait qəbul edir. Bu vəsaitlərin qarşılığında isə müəyyən maraqlara uyğun fəaliyyət göstərildiyi bildirilir. Bu faktlar qurumun fəaliyyətinə dair ciddi suallar yaradır. Azərbaycana münasibət məsələsində Avropa Parlamentinin mövqeyi buna görə təəccüblü deyil. Qarabağ işğal altında olduğu dövrdə bu qurum erməni diasporunun təsiri ilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə balanslı mövqe sərgiləməyib. Azərbaycana qarşı müxtəlif ittihamlar və qərarlar qəbul edilib, bu da siyasi təzyiq vasitəsi kimi istifadə olunub. İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də oxşar yanaşma davam edib. Xüsusilə 2023-cü ilə qədər olan mərhələdə Qarabağdakı separatçıları müdafiə edən addımlar müşahidə olunub".

O bildirib ki, hazırda isə bu siyasət davam edir, lakin hədəflər daha genişdir:

"Artıq məsələ təkcə Azərbaycanla məhdudlaşmır, ümumilikdə Cənubi Qafqazda sülh prosesinə təsir göstərmək cəhdləri diqqət çəkir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi bəzi lobbi qrupları tərəfindən qəbul edilmir və bu məqsədlə müxtəlif platformalar vasitəsilə təzyiq göstərməyə çalışılır. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın Avropa Parlamenti ilə bağlı fəaliyyətini dayandırması və münasibətlərə yenidən baxması məntiqi addım kimi qiymətləndirilə bilər. Bu qərar qurumun Azərbaycana qarşı mövqeyinə adekvat yanaşma kimi təqdim olunur. Ümumilikdə isə Avropa Parlamentində təmsil olunmaq Azərbaycanın siyasi maraqları baxımından ciddi üstünlüklər yaratmır. Qurumun qərarlarının icra mexanizmi yoxdur və daha çox siyasi təzyiq aləti kimi çıxış edir. Bu baxımdan, belə bir platformada iştirakın məhdudlaşdırılması və ya dayandırılması rəsmi Bakının mövcud şəraitə uyğun reaksiyası kimi dəyərləndirilə bilər", - deyə o qeyd edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova