Hərbi xidmətə çağırışdan yayınmaq və ya möhlət hüququ almaq istəyənlərin "işini düzəldən" vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub. Səfərbərlik sahəsində çalışan bir qrup məmurun rüşvət qarşılığında hərbi vəzifələrdən yan keçməyə şərait yaratdığı üzə çıxıb.
Demokrat.az xəbər verir ki, Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən birgə əməliyyat nəticəsində 8 vəzifəli şəxs həbs edilib. Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin apardığı araşdırmalar Xidmətin Qaradağ rayon idarəsində, həmçinin Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrində ciddi qanun pozuntularının olduğunu təsdiqləyib. İstintaq zamanı məlum olub ki, həmin şəxslər hərbi təlim toplanışlarından yayındırmaq, xidmətdən möhlət hüququ vermək və ölkədən çıxışa qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün vətəndaşlardan müxtəlif məbləğlərdə pullar alıblar. Bu əməllərin mütəmadi xarakter daşıdığı və qabaqcadan əlbir olan qruplar tərəfindən törədildiyi müəyyən edilib.
Cinayət işi çərçivəsində Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, bölmə rəisi Şahlar Usubəliyev və zabit Taleh İsmayılov saxlanılıblar. Eyni zamanda Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, zabit Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu, Qaradağ rayon idarəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə qarşı da rəsmi ittihamlar irəli sürülüb.
Həmin şəxslər külli miqdarda rüşvət almaqda günahlandırılırlar. Bakı Hərbi Məhkəməsinin qərarı ilə hər 8 vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib və onlar tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Hazırda istintaq tədbirləri davam etdirilir.
Demokrat.az


