Kriminal Özəl

"Marketin qabağında dayanıb "çıx çölə, ay əxlaqsız" deyə qışqırdı"

Marketin qabağında dayanıb çıx çölə, ay əxlaqsız deyə qışqırdı

Gədəbəy rayonunda qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 18-də Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində baş verib.

1999-cu il təvəllüdlü Əsmər həmin küçədə marketin qarşısında Gülərin (adlar şərtidir – red.) onun barəsində əsası olmayan söhbətlər deməsindən hiddətlənib, bıçaqla ona xəsarət yetirib.

Əsmər elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Dilarə ilə birlikdə yaşayır:

“Gədəbəy şəhər sakini Güləri uşaqlıqdan tanıyıram. Əvvəllər normal münasibətlərimiz olub. Aramızda heç bir ədavət, düşmənçilikləri olmayıb. Son zamanlar Gülər barəmdə yalan şayiələr danışmasını eşitdim. Həmçinin o, mənimlə görüşərkən, guya Ramil Rauf adlı şəxslə aramda sevgi münasibətləri olmasını dedi. Mən dəfələrlə heç kimlə hər hansı sevgi münasibətlərim olmadığını desəm də, o, haqqımda yalan sözlər danışmağa davam etdi”.

Əsmər qeyd edib ki, hadisədən əvvəl Gədəbəy şəhərində marketlər şəbəkəsinin filialında satıcı kassir işləyib: “Orada Gülərin bacısı Aybəniz də mənimlə birlikdə satıcı kassir işləyib. 2024-cü ilin oktyabrın 18-də gündüz vaxtı marketdə işdə olarkən Aybəniz mənə yaxınlaşdı, bacısı Gülərin mənimlə telefonla danışmaq istəməsini dedi. Gülərə öz nömrəm ilə zəng etdim, mənimlə nə haqqında söhbət etmək istədiyini soruşdum. O, əxlaqsız olduğumu dediyi üçün telefonda aramızda mübahisə yarandı. Gülər işlədiyim marketə görüşüb-söhbət etmək üçün gələcəyini dedi. Həmin gün saat 17 radələrində işlədiyim marketin qarşısına gəldi. O, çöldə dayanaraq ünvanıma ucadan nalayiq ifadələr işlətdi, əxlaqsız olduğumu dedi. Gülərin ünvanıma nalayiq ifadələr işlətməsinə əsəbləşdim və marketdə piştaxtanın üzərində olan bıçağı götürərək mağazadan çölə çıxmaq istədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman marketdə olan adlarını bilmədiyi iki nəfər oğlanlar onun əsəbi olduğunu görüblər və qarşısında duraraq marketdən çölə çıxmasının qarşısını almaq istəyiblər:

“Həmin şəxslərə kənara çəkilmələrini bildirsəm də, onlar marketin giriş qapısının qarşısını kəsərək 2 dəqiqə ərzində çölə çıxmağıma imkan vermədilər və sözlə məni sakitləşdirməyə çalışdılar. Bu zaman Gülərin marketin çöl tərəfində giriş qapısının qabağında dayanaraq “çıx çölə əxlaqsız” və bunu kimi digər təhqiramiz sözlər deyərək, məni səsləməsini gördüm. Mən də qapını açaraq çölə çıxdım. Şölə çıxan kimi Gülər mənə hücum etdi, saçımdan tutdu. Gülər məni döymək istədiyi üçün bıçağı əvvəlcə ona göstərdim, bundan qorxaraq geri çəkiləcəyini düşündüm. Lakin Gülər mənə hücum etdi, saçımdan tutaraq məni döymək istədiyi üçün onun saçından tutdum. Qarşılıqlı mübahisə edərək dalaşdıq”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dava zamanı bıçaqla əvvəlcə Gülərin qoluna vurmağa cəhd etsə də, onu dartışdıraraq saçından yolduğuna görə bıçağı ona vura bilməyib: “Gülərlə dartışan zaman əvvəlcə əlimdə olan bıçaqla onun sol qoluna bir dəfə vurdum. Gülər bıçağın tiyəsindən tutdu və dartışan zaman bıçağı onun əlindən çəkdim.Həmin vaxt orada olan Alim və tanımadığım bir oğlan bizi sakitləşdirərək aralaşdırdılar. Daha sonra Aybəniz, sayım qrupunda gəlmiş, hazırda adlarını xatırlamadığım 2-3 nəfər oğlanlar və digər tanımadığım şəxslər oraya toplaşdılar. Bundan sonra marketdə olan Gülər bacısı Aybəniz birlikdə oradan uzaqlaşdılar”.

İş üzrə zərərçəkmiş Gülərin sözlərinə görə, azyaşlı qızı və digər ailə üzvləri ilə birlikdə yaşayır: “Gədəbəy şəhər sakini Əsməri uşaqlıqdan tanıyıram və əvvəllər aramızda ədavət, düşmənçilik olmayıb. Son zamanlar Gülərin haqqımda tanışlarıma məni aşağılayan məlumatlar verdiyini eşitdim. Oktyabrın 18-də Əsmərə zəng edərək haqqımda yalan şaiələr danışmamasını tapşırmaq istədim. Lakin Əsmər zənglərimi açmadığı üçün danışa bilmədim. Həmin gün o, özü zəng etdi. Söhbət zamanı Əsmərə haqqımda şaiyələr yaymasının səbəbini soruşdum. O, “danışmışam, yaxşı eləmişəm” dedi. Əsmərdən harada olmasını soruşdum və görüşərək bu barədə söhbət etməli olduğumuzu dedim. O, hazırda marketdə olduğunu dedi və oraya gəlməyimi istədi, məni bıçaqla vuracağını bildirdi”.

Gülər qeyd edib ki, oktyabrın 18-də, saat 17 radələrində marketə gedib, qapıların bağlı olduğunu, hazırda marketdə malların təhvil-təslim olunması səbəbi ilə satışın olmadığını öyrənib: “Orada işləyən Alim adlı şəxsdən Əsmərin marketdə olub-olmadığını soruşdum. Alim isə hazırda marketdə təzə gəlmiş malları vitrinlərə yığmaları səbəbilə mağazanın bağlı olmasını, Əsmərin də digər işçilər kimi gələn malları vitrinlərə yığmaqda kömək etdiyini dedi. Mən içəri girərək Əsmər ilə yalnız söhbət edib, sonra gedəcəyimi dedim. Alim isə getməyimi xahiş etdi. Mağazanın giriş qapısının qarşısına getdim. Orada Əsməri səslədim, çölə çıxmasını istədim. Əsmər içəridən ünvanıma təhqiredici sözlər desə də, çölə çıxmadığına görə qapıdan ona səsləndim, çölə çıxmasını tələb etdim. Bu zaman Əsmər marketin giriş qapısından əlində bıçaq çölə çıxdı və üstümə gələrək, ucadan nalayiq söyüşlərlə məni söydüyünə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı bir əlim ilə Əsmərin saçından, digər əlim ilə əlindəki bıçağın tiyəsindən tutdum. Biz dartışa-dartışa marketin girişində olan pilləkanlərdan endik, marketin həyətinə düşdük. Həyətdə olarkən əsmər mənim əxlaqsızlıq elədiyimi, fahişəliklə məşğul olduğumu və bunu kimi digər nalayiq söyüşlərlə təhqir etdi. Əsmər saçımdan sürükləyərək əlindəki bıçaqla mənə xəsarət yetirməyə cəhd etsə də, mən bıçağın tiyəsini buraxmadığıma görə vura bilmədi. Bıçağın tiyəsi əlimi kəsdiyimə görə bıçağı buraxdım və ondan uzaqlaşmağa çalışdım. Lakin, Əsmər yenidən saçımdan bir əli ilə tutdu, digər əlində olan bıçaqla əvvəlcə sol qoluma, daha sonra başıma zərbələr endirdi. Zərbələrin təsirindən halsızlaşdım. Bu zaman həmin marketdə işləyən bacım Aybəniz və Alim aralığa keçdi, bizi araladılar, Əsməri məndən bir qədər uzaqlaşdırdılar. Əsmər sakitləşmədi, ünvanıma nalayiq ifadələr işlətməyə davam etdi. Orada olan şəxslər Əsməri oradan uzaqlaşdıraraq bıçağı əlindən aldılar. Bundan sonra oraya çağrılmış təcili tibbi yardım avtomobili ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparıldım”.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Əsmər 9 ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin bu müddətdə Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova